Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bu soyqırımın qisasını almışıq” – Millət vəkili

fazilmustafaesas183Millət vəkili Fazil Mustafanın 31 mart soyqırımı ilə bağlı AzNews.az-a müsahibəsi:

– Fazil bəy, gəlin illərdir eşitdiyimiz, oxuduğumuz məsələləri bir də xatırlayaq: 31 martda azərbaycanlıları kim qətlə yetirib?

– 31 martda Bakıda o zaman real hakimiyyəti əlində cəmləyən Bakı kommunasının erməni və ruslardan ibarət silahlı birləşmələri və “Daşnaksütun” partiyasının Qafqaz cəbhəsindən qayıtmış silahlı birləşmələri müştərək şəkildə bu qətliamı həyata keçirmişlər. Bakı ilə bir vaxtda Lalayan və başqa erməni çətəbaşılarının rəhbərliyi ilə silahlı qrupla Şamaxı, Quba və başqa bölgələrdə də çox sayda Azərbaycan türkünü məhv etmişlər.

– Qətlə yetirilənlərin sayı nə qədər olub?

– Sənədlərdə qətl edilənlərin sayı 30 min nəfər göstərilir. Ermənilər sadəcə yerli sakinlər tərəfindən yaxşı qorunan bəzi məhəllələrə və Bakı kəndlərinə daxil ola bilməmişdilər.

– Niyə qətlə yetiriblər, məqsədləri nə idi?

– Məqsəd Bakıda müsəlman-türk əhalinin sayını azaltmaq və neft sənayesi üçün əhəmiyyətli olan bu şəhəri və onun ətrafına yaxın bölgələri Rusiyada hakimiyyətdə olan bolşeviklər üçün yanacaq deposu olaraq qorumaq idi. Məhəmməd Əsad bəyin “Bakıda neft və qan” adlı tarixi-publisistik romanında da bu yazılanlar maraqlı şəkildə təsvir olunub.

– Niyə dünyada 31 martı soyqırım kimi tanıtdıra bilməmişik?

– 31 martın soyqırım kimi tanınması ilə bağlı ölkə prezidentinin verdiyi fərman var. Ancaq Xocalı soyqırımından fərqli olaraq mart soyqırımının tanıtımında ciddi bir nəticəyə varılmayıb.

– Sizcə, niyə?

– Səbəbi obyektivdir. Xocalı ilə bağlı videogörüntülərin olması və yaxın dövrün tarixinə aid olması onun tanıtımında işi bir qədər asanlaşdırır. Ancaq mart soyqırımı ilə bağlı o zaman Azərbaycan parlamentinin İstintaq Komissiyasının sənədindən başqa bir material təqdim etmək çətindir. Bir də bu qətli törədənlərin varisliyini konkret olaraq kimlərin və hansı dövlətin daşıdığını müəyyənləşdirmək çətindir.

– Mart soyqırımına aid Qubada faktlar qorunur, insanları kütləvi şəkildə qırıb torpağa basdırıblar, onların sümükləri hələ də saxlanılır. Bu cür faktların bir əhəmiyyətini görürsünüzmü?

– Təbii, əhəmiyyəti az da olsa var. Ancaq kimlərisə buradan daşıyıb Qubaya aparıb buradakı məzarlığı göstərməklə iş bitmir…

– Bəs nə məsləhət görürsünüz?

– Yaxşı olardı ki, Şəhidlər Xiyabanında ümumi bir soyqırım abidəsi qoyulardı və dövlət protokoluna salınardı. Orada soyqırım muzeyi də yaratmaqla doğru təbliğat qurmaq olardı…

Baxın, bizə soyqırımın tanıdılması daha zəruridir, yoxsa 20 yanvar qırğınının tanıtımı? Biz 20 yanvar hadisəsini soyqırımdan önə çəkərək soyqırım məsələsinin siyasi mahiyyətini arxa planda saxlamışıq. Ona görə də bu soyqırımın qurbanlarının xatirəsinin əziz tutulması, onların kütləvi məzarlarının bərpası vacibdir. Ancaq ilk növbədə siyasi cəhətdən bunun bir fakt kimi tanıtımı daha vacib sayılmalıdır.

– Övladlarımıza Şəhidlər Xiyabanını göstərib deyirik ki, bu insanlar 1990-cı ilin 20 yanvar tarixində müstəqillik yolunda şəhid oldular… Bəs 31 martda insanlar canlarını nə uğrunda qurban verdilər, nə uğrunda öldülər? 31 martda qətlə yetirilən insanlara da şəhid demək olarmı?

– Bunların hər ikisi də günahsız qətlə yetirilmiş insanlar olduğuna görə günahsız qurbanlar sayılırlar. Şəhidliyin iki cür tanıtımı var: Dini anlamda Allah yolunda həyatını qurban vermiş şəxslərə şəhid deyilir. Modern hüquq sistemimizdə isə dövlətin ərazi bütövlüyü uğrunda həlak olanlara bu ad şamil edilir. Bu baxımdan hər iki kateqoriyadan olan şəxslərin şəhid adlandırılmasında problem görmürəm. Ancaq 20 yanvar soyqırım faktı deyil, Sovet Ordusunun törətdiyi çoxsaylı insan ölümü ilə nəticələnən qırğındır. 31 mart və Xocalı isə konkret milli kimliyi məhv etmək məqsədi ilə keçirilən əməliyyat olduğuna görə soyqırım hesab olunur…

– Mənim üçün maraqlıdır, tutalım dünya 31 martı azərbaycanlıların soyqırımı kimi tanıdı. Hə, sonra nə olacaq?

– Heç nə olmayacaq. Bizə təsəlli olacaq. Çünki konkret cinayətin subyekti və onun varisi müəyyənləşməyəcək. Ancaq bu baxımdan Xocalı üzərində köklənməyimiz daha səmərəli nəticə verə bilər. Çünki maddi sübutlarla bunu soyqırım kimi tanıtmaq mümkündür və bugünün siyasətində ermənilərə qarşı siyasi avantaj qazanmamız mümkündür.

Bizim tarixi yaddaşımız çox qısadır və 10 il öncəki hadisəyə də münasibətimiz də eyni şəkildə olacaq. Unutmamalıyıq ki, biz bir dövlətin və millətin varisiyik. Min il öncə də, yüz il, iyirmi il öncə də baş verənlərin təəssüb və üzüntüsünü, eləcə də zəfər günlərinin qürurunu istəsək də, istəməsək də qan yaddaşı ilə büruzə verməliyik. 31 martın da tanıtımından daha çox, günahsız öldürülən babalarımızın, nənələrimizin ruhu qarşısında vəfa borcumuzu yerinə yetirməliyik. Ümumiyyətlə, istər 31 mart olsun, istər daha uzaq tariximiz olsun, biz bu tarixin mətnini hələ də doğru oxuya bilmirik, bu günümüzdən olduğu kimi, tarixdən də nə axtardığımızı bilmirik.

– Maraqlıdır, 31 martın nəyini doğru bilmirik? Niyə bilmirik? Və siz nə bilirsiniz ki, doğru bilmirik?

– Əslində, martın 31-dəki soyqırımın qisasını yetərli səviyyədə türk-İslam ordusu Bakıya daxil olandan sonra almaq mümkün oldu. Bununla belə, o tarixin hələ də qaranlıq məqamları var. Bu tarixə sadəcə bir ibrət hadisəsi kimi hələ də yanaşa bilmirik. Necə ki, Qarabağ məsələsindən söz düşəndə ruslar ermənilərə kömək etdiyinə görə məğlub olduq bəhanəsini gətiririk, o zamanla da bağlı sadəcə hazırlıqsız yaxalandığımızı ifadə edirik. Halbuki dövrün ədəbiyyatı ilə tanış olsanız öndə gedən zənginlərimizin erməni zənginləri ilə həyat tərzini müqayisə etsəniz niyə hazırlıqsız olduğumuzun səbəbini anlarsınız…

Bu gün də təəssüf ki, gələcəyə baxışımızda 1918-ci ildən fərqli bir düşüncə irəliləyişinə sahib deyilik. Sabah qarabağın qaytarılması üçün bir işlər görmək lazım gəlsə, yenə də hazırsızlığımızı bəhanə edəcəyimiz hiss olunur. Hər halda ibrət götürmək üçün 31 martda zənginlərimizin, ziyalılarımızın, siyasətçilərimizin bu qətliama cəmiyyətin hazır olmamasında, təşkilatlanmamasında fəaliyyətsizliyini o dövrün mənbələrindən dərindən öyrənməmiz faydalı olardı.

– Siz necə düşünürsünüz, biz bir millət, xalq, taplum olaraq qisasçılıq hissi ilə yaşamalıyıqmı? Məsələn, 31 mart soyqrımın intiqamını ermənilərdən necə almaq olar? Biz də onların 30 min nəfər günahsız insanını öldürməliyikmi? İntiqam başqa necə mümkün ola bilər ki?

– Bir xalqın qisasçılıq hissi ilə yaşaması onun insanlıq duyğularını zədələyə bilər. Bununla belə zülm edənlərdən qisasın alınması vacibdir ki, başqalarına zülm etməsin. Yəni cinayəti törədənlərin, onların irsini yaşadanların bilavasitə özlərindən bu qisasın alınması normal qarşılanmalıdır.

– Yəni biz də dinc insanı öldürək?

– Yox, burada heç bir halda günahsız dinc əhalinin cavab olaraq öldürülməsindən söhbət gedə bilməz. Sadəcə, mart soyqırımının intiqamı deyə bir hədəf bu gün üçün aktual deyil, Nuri Paşa Azərbaycan qızlarını soyundurub qala divarlarında güllələdən Lalayanların eyni şəkildə güllələnməsini təmin etdi. Bu gün həmin tarixin qədrşünaslıq və soydaşlıq duyğumuzu rahatlatmaq üçün anılması hamımız tərəfindən bir insanlıq borcu kimi yerinə yetirilsə kifayət edər.

– Fazil bəy, daha konkret cavab vermənizi istərdim, biz gənclərə ermənilərdən mart soyqırımının və Xocalı faciəsinin qisasını necə və hansı yollarla almağı məsləhət görürsünüz?

– Ermənistandan daha güclü dövlət qurmaqla, daha ədalətli cəmiyyət yaratmaqla, daha güclü iqtisadiyyata və orduya sahib olmaqla. Bir millət olaraq daha yaxşı təşkilatlanma qabiliyyəti göstərməklə. O zaman çox rahatlıqla torpaqları işğaldan da azad edə bilərik, Azərbaycanı vətəndaşının həqiqətən yaşamaqdan zövq aldığı bir ölkəyə də çevirə bilərik. Məncə, pisin pisliyinə qarşı ən kəsərli qisas, daha yaxşı olmaqdır.

 

www.yenicag.az

371