“Siyasi baxımdan Kazanda keçirilən BRICS-2024 sammiti sülh sazişi ilə bağlı bir təkan ola bilər. Lakin burada daha çox 2 dövlət başçısının siyasi mesajını qiymətləndirərdim”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Eks-nazir ötən gün Kazanda geniş tərkiblə baş tutan ikitərəfli Əliyev-Paşinyan görüşünün yekunları ilə bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, görüşdən sonra hər iki dövlət başçısı yekun sənədlə bağlı bir çox məsələlərin razılaşdırıldığını vurğulayıblar.
T.Zülfüqarovun dediyinə görə, tərəflərin hər ikisi istəyirlər ki, BRICS kimi beynəlxalq tədbirdə belə bir mesaj yollasınlar ki, onlar sülh prosesinə sadiqdirlər, bu məsələdə çox fəal iştirak edirlər və müsbət nəticəyə inanırlar:
“Amma bu sammitin sülh sazişinin imzalanmasını daha da mümkün etməsi ilə bağlı səslənən fikirlər mühüm ismarışlardır. Lakin başa düşməliyik ki, bu danışıqlarda mühüm problemlər mövcuddur. Çünki Azərbaycanın əsas şərti ondan ibarətdir ki, Ermənistan konstitusiyasında dəyişikliklər baş tutsun. Yaxşı başa düşməliyik ki, bu məqsəd nədən ibarətdir”.
Onun sözlərinə görə, konstitusional dəyişikliklərin baş verməsi üçün referendum olmalıdır:
“Referendum isə mütləq qaydada geniş ictimai diskussiyaya səbəb olacaq. 30 il bundan qabaq Ermənistanın müstəqillik ideologiyası “Miatsum” – Qarabağı Ermənistana birləşdirmək layihəsi üzərində qurulub. Bu, ideoloji bir məqsəd idi və erməni dövlətçiliyinin əsaslarından birincisi olub. İndi isə referendum nəticəsində baş tutacaq ictimai diskussiya, gərək, o nəticəyə gətirsin ki, ermənilər işğalçı ideologiyadan azad olsunlar və özlərinə cavab versinlər ki, artıq bu, səhv bir siyasətdir. Çünki onlar bu layihə uğrunda minlərlə əsassız qurbanlar verdilər”.
Siyasətçi əmindir ki, bunun nəticəsində də siyasi məsuliyyət mövzusu gündəmə gələcək:
“Bilirik ki, Ermənistanda münaqişəni başlayan və bu layihəni irəli sürən siyasətçilər hələ də sağdırlar. Hansı ki, ictimaiyyət tərəfindən buna siyasi qiymət verməlidir. Bu isə gələcəkdə əldə olunan sülh üçün əsas bir şərtdir. Biz istəmirik ki, gələcəkdə Nikol Paşinyan hakimiyyətdən gedəndən sonra bu ideologiya yenidən bizim üçün təhlükələr yaratsın. Odur ki, biz bu ideologiyanı ləğv etmək niyyətindəyik”.
Sabiq XİN rəhbərinin fikrincə, Azərbaycan hərbi baxımdan işğala son qoysa da, ideoloji baxımdan bunu etmədi:
“Əgər bu münaqişənin əsasını qoyan ideologiyanı məhv etməsək, gələcəkdə Ermənistanda revanşist dairələrin iqtidara gəlməsi real olacaq. Yəni təkcə müzakirə olunan sənədə adi bir sənəd kimi baxmamalıyıq. Bəyəm belə sənədlər az idi? Elə SSRİ konstitusiyasını, yaxud beynəlxalq qanunları götürsək, görərik ki, 1980-ci illərin sonunda “Miatsum” layihəsi özünə yol tapdı.
Bundan əlavə, gördük ki, BMT-nin Nizamnaməsinə ziddi olaraq, Ermənistan işğalçı siyasətini davam etdirdi. İndi də inanmalıyıq ki, hansısa sənədə qol çəkiləndən sonra işğalçılıq təhlükəsiz aradan götürüləcək. Təbii ki, bu məsələdə sadəlövh deyilik. Ona görə də səsləndirdiyimiz tələblər çox ciddi tələbdir ki, gələcəkdə münaqişə üçün heç bir əsas olmasın. Qısacası, məqsəd yekun sənədə olmaqdan daha çox münaqişəni bitirməkdir”.
Rafi Müslümov