Son illər İran Universitetləri və məktəblərindən yüzlərlə müəllim, minlərlə tələbə qovulub. Bu proses xüsusilə 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra daha da sürətləndirilib.
Qovulan müəllim və tələbələrin əksəriyyəti etirazçılara qarşı repressiyaları pislədiklərinə görə cəzalandırılıblar.
Məsud Pezeşkian isə seçkiqabağı təbliğat və təşviqat kampaniyasında müəllim və tələbələrin hüquqlarının bərpası ilə bağli vədlər verib. O, bir neçə gün əvvəl qovulan tələbə və müəllimlərin təhsil ocaqlarına qaytarılması barədə sərəncam imzalayıb. Ancaq İran prezidentinin bu göstərişinin yerinə yetirilməsi mümkün olmayacaq. Ona görə ki, elm və təhsil nazirini İran Ali Mədəni İnqilab Şurasının icazəsi olmadan heç bir addım ata bilməz.
Ali Mədəni İnqilab Şurasının 28 üzvünün isə 21-ni birbaşa ölkə rəhbəri Əli Xamenei təyin edir. Həmin Şura heç bir qanunvericilik səlahiyyətinə malik olmadığı halda təhsil sahəsində qanunlar formalaşdırır.
Şuranın əsas prioriteti universitet müəllimlərinin ideoloji baxımdan Əli Xamenei və onun başçılıq etdiyi siyasətə tabe olmalarıdır.
Məsud Pezeşkianın göstərişindən dərhal sonra Tehran Universiteti və Əllamə Təbatəbayi Universitetinin iki tələbəsinin təhsilinə qadağa qoyulub. Bunu İran Ali Mədəni İnqilab Şurasının prezidentə həddini bildirmək mesajı kimi də dəyərləndirmək olar.
Bununla yanaşı, Pezeşkianın məcburi hicab qaydalarının yumşadılması ilə bağlı vədlərinin də söz olaraq qalacağı görünür. Prezidentin bütün iddialı çıxış və vədlərinə baxmayaraq, onun vəzifəyə gətirilməsindən bu yana məcburi hicab qaydalarının sərtləşdirilməsi, hicab qaydalarını pozan qadın və qızlara qarşı hücumlar daha da artıb.