Bu, sürətlə yayılan virusdur – Tanınmış oftalmoloqdan xəbərdarlıq

Son aylar yayılan qrip xəstəliyindən demək olar ki, hər kəs əziyyət çəkir. Hətta bəzi adamlar bunu koronavirusdan da ağır xəstəlik olduğunu iddia edirlər. Amma əsas odur ki, koronavirus can aldığı halda, hazırkı xəstəlikdən qurtulmaq mümkündür.

Bəs göz qripindən necə? Axı xəstələnən zaman gözlərimiz birinci yoluxur… Tanınmış oftalmoloq-cərrah Günay Əliyeva bu barədə ciddi xəbərdarlıq edir:
“ Qripə yoluxan insan evdə qalmalı, cəmiyyət arasına çıxmamalıdır. Amma hamı buna əməl edirmi? Xeyr. Şişmiş, qızarmış, sulanmış gözlərlə işə gedən nə qədər adam tanıyıram. Bu da göz qripi virusunun sürətlə yayılmasına səbəb olur. Göz qripi nədir? Göz qripi zamanı gözün qapaqları şişir, gözdən dayanmadan su axır, göz qızarır və batmalar olur. Bu əlamətlər bir gözdə başlayır və digərinə keçir. Bu xəstəlik bəzən hava-damcı, bəzənsə təmas yolu ilə keçir. Yəni göz qripi olan adam gözlərini ovxaladıqdan sonra avtobusun tutacağından, qapının dəstəyindən tutur, işdə kiminləsə əl verib görüşür, masaya, kompüterə, hətta kiminsə qələminə belə toxunanda özü də bilmədən virusu ötürmüş olur.

Ona görə də gözündə sulanma, qızartı, qaşınma kimi əlamətləri hiss edən adam ya özü-özünü cəmiyyətdən təsrid etməlidir, ya da kiminsə tərəfindən işdən, məktəbdən, təhsil ocaqlarından uzaqlaşdırılmalıdır. Çünki bu, sürətlə yayılan virusdur. Hazırda bu problemlə bağlı bir oftalmoloq kimi mənə xeyli müraciətlər var. Və daha çox gözəllik salonuna gedən, məktəbdə olan, kollektivdə çalışan insanlar bununla bağlı şikayət edirlər. Göz qripini çox əhəmiyyətsiz xəstəlik sayanlara demək istəyirəm ki, bu, heç də belə deyil. Çünki ağır fəsadlarla üzləşmək təhlükəsi var. Göz zəifləməyə başlayır, ləkələr əmələ gəlir, immun sistem aşağı düşür. Əsas müraciətim isə valideynlərədir: əziz valideynlər, əgər övladınızın gözündə qızartı, sulanma, qaşınma varsa, onu məktəbə buraxmayın. Evdə müalicə edin. Bilin ki, sizin uşağınız neçə-neçə başqa uşağı da yoluxdurmaq potensialına malikdir. Bu da ağır və arzuolunmaz prosesdir.

COP29