Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Bu, tam bir ifşa prosesidir”

imagesMüsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu barışığa çağırıb.

A. Hacılı “facebook” səhifəsində qeyd edib ki, R. Arifoğlu və “Yeni Müsavat” qəzeti ilə “Azadlıq” qəzeti, Ə. Kərimli, onun tərəfdarları və yaxınları arasında qarşıdurma əndazəni aşıb, qırmızı xətt keçilib: “Zamanında müxalifətə qarşı istifadə olunan, nifrətlə qarşıladığımız təbliğat metodları durdurulmalıdır. Hörmətli Əli Kərimlinin bu istiqamətdə digər çağırışlarla yanaşı, mənim də xahişimi nəzərə alacağına, bu qovğanı dayandırmaq üçün səy göstərəcəyinə inanıram. Hörmətli Rauf bəydən də “Azadlıq” qəzeti haqqında şikayət ərizəsini geri götürməsini xahiş edirəm”.

R. Arifoğlu açıqlamasında bildirib ki, AXCP hələ də bütün funksionerləri və lideri başda olmaqla, “Yeni Müsavat”a qarşı mənəvi terroru davam etdirir. O, yaranmış vəziyyətlə bağlı Azərbaycan ictimaiyyətinə, ziyalılara və siyasi partiyalara müraciət edib: “Bu prosesdə hər hansı neytral mövqe tutan, aramıza bərabərlik işarəsi qoyan hər kəsi də mənəvi terrora məruz qoyurlar. Fikrini söyləyən hər kəsin üstünə qarğa-quzğun kimi dəstə ilə gedirlər, onları öz fikrindən daşındırmaq taktikası həyata keçirirlər. Bunları elə aqressiv formada nümayiş etdirirlər ki, sanki, digərlərinə dərs olsun. Bu, tam bir ifşa prosesidir. AXCP, onun fəallarının, liderinin Azərbaycan siyasətini necə zibilləməsinin, müxalifət düşərgəsini necə parçalamasının və bu taktikanı necə israrla həyata keçirməsi göz önündədir. Mən isə heyrətlə bu prosesi izləməkdəyəm. Sanki bunların başqa mandatı yoxdur, müstəqil bir qəzeti gözdən salmaq, onun baş redaktorunu hər cür əxlaqsız hərəkətlərlə, şantajlarla, nüfuzdan salmaqdan başqa heç bir işləri yoxdur. Buna görə də mən bu duruma öz üsyanımı bildirirəm və Azərbaycan ictimaiyyətinə, ziyalılara, siyasi partiyalara müraciət edirəm ki, bu mənəvi terrordan bizi qorumaq üçün təşəbbüs göstərsinlər”.

R. Arifoğlu qeyd edib ki, A. Hacılının müraciətinə münasibət bildirərək qeyd edib ki, hələ ki, “Azadlıq” qəzeti ilə bağlı şikayət ərizəsini geri götürmək fikrində deyil: “AXCP barışığa, sakitliyə çağıran insanları da repressiyalara məruz qoyur. Bu cür anormal vəziyyət Azərbaycan siyasətində heç vaxt olmamışdı. Bu adamlar barışmaq və sakitləşmək istəmirlər. “Azadlıq” qəzeti ilə bağlı şikayəti geri götürmək faktı yoxdur, ancaq mən bu istiqamətdə olan müraciətləri dəyərləndirirəm”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, A. Hacılı bu kampaniyanı dayandırmaqla bağlı, ilk növbədə, R. Arifoğluna müraciət etməlidir. Onun sözlərinə görə, Arif Hacılının müraciətində Əli Kərimli ilə Rauf Arifoğluna eyni yanaşma göstərilməsi doğru deyil: “Ona görə ki, yaranmış gərginliyi Əli Kərimli və AXCP başlatmayıb. Rauf Arifoğlu Batum məsələsində ifşa olunduğunu görərək, məsələnin mahiyyətindən diqqəti yayındırmaq üçün Xalq Cəbhəsini hədəf seçdi. Əli Kərimli isə bir dəfə də olsun, bu proses ərzində Rauf Arifoğluna cavab verməyib. Yalnız partiya üzvləri və funksionerləri, Rauf Arifoğluya cavab veriblər. Cəbhəçilər bu prosesdə onun psixoloji və mənəvi terroruna məruz qalıblar. Ona görə də hesab edirəm ki, Arif Hacılı ilk növbədə, Rauf Arifoğluna bu kampaniyanı dayandırmaqla bağlı müraciət etsəydi, bu, daha doğru olardı. Maraqlıdır ki, bu kampaniyanın kulminasiya nöqtəsinə çatdığı məqamda, nəinki Rauf Arifoğluna buna son qoymaqla bağlı müraciət olunmadı, əksinə, bəyanat verildi ki, qəzetə qarşı olanlar, Müsavat Partiyasına qarşıdır. Bu baxımdan müraciəti bir qədər vaxtında, məsələlər bu yerə çatmamış etmək olardı”(apa).

www.yenicag.az

206