“Bu, təxribat yox, müharibədir” – Ermənistanın hazırladığı plan… – Hərbi ekspertin ŞƏRHİ

“Sərhədlərin demarkasiyası və delimitasiyası o ölkələr arasında aparılır ki, iki dövlət hüquqi baxımdan da bir-birini tanıyır. Azərbaycanla Ermənistan bir-birini tanımır, Ermənistanın Azərbaycana ərazi iddiası var və 30 ildən çoxdur ki, müharibə vəziyyətindəyik. Əldə olan yeganə sənəd 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdır”.

Bu sözləri Yenicag.az-a erməni silahlılarının Azərbaycan əsgərlərini aşağılaması, Şuşa ətrafında atəşkəsi pozması və dünən Kəlbəcərdə mina basdırmağa cəhd etməsinə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, son baş verən hadisələr Ermənistan xüsusi xidmət orqanlarının məxsusi hazırladığı plana əsasən aparılır:

“Bəziləri iddia edir ki, Ermənistanda baş tutacaq seçkiyə görə bu addımlar atılır. Qətiyyən bununla razı deyiləm. Artıq Ermənistan mühaaribədən özünə gəlməyə başlayır. Bütün bu baş verənlər təsadüfi deyil. Bunlar vahid proqram əsasında həyata keçirilən aksiyalardır. Şuşa ətrafında atəş açıblar, sərhəddə atəş açıblar, dünən gecə də, məlum hadisə baş verdi. Bunun adı təxribat yox, müharibədir. Bu məsələdə əsas məsuliyyət daşıyan ölkə Rusiyadır.

Ermənistan silahlı qüvvələri 1993-ci ildə hücum edib Kəlbəcəri işğal etdilər. Elə həmin dövrdən 28 il keçməsinə baxmayaraq, yenə eyni hərəkəti etməkdə niyyətlidirlər. Çünki Kəlbəcər olduqca strateji yerdir. Ora gedən Ağdərədən keçən əsas yol ermənilərin nəzarətindədir. Ermənistan sərhəd tərəfdən də bu cür hərəkətlər etməklə Kəlbəcər kimi strateji rayonu əllərinə keçirmək, bu alınmasa da, insanların ora köçməsini əngəlləmək istəyirlər. Bu günə qədər Kəlbəcərə yol açılmayıb. Yalnız Rusiya sülhməramlılarının bayrağı altında oradan keçirik. Qəti addımlar atmağın vaxtıdır. Əgər yol açılmayacaqsa, biz orda anti-terror əməliyyatı keçirməliyik. Ağdərə yolunu açmalıyıq. Dağ yolunun açılması, tunellərin çəkilməsi illərlə vaxt aparacaq. Azərbaycan tərəfi müharibədəki kimi davranmalıdır. Faktiki olaraq informasiya müharibəsində uduzuruq. Artıq diplomatiyadan əməli işə keçməyin zamanıdır”.

Səxavət Məmməd