ATEV sədri Gəncədəki olaylara münasibət bildirib.
“Azərbaycanın xaosa sürüklənməsinə izn verilməməlidir”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan-Türkiyə Evinin sədri (ATEV) Tənzilə Rüstəmxanlı Gəncədə baş verən iğtişaşlara münasibət bildirərkən deyib.
O bildirib ki, Gəncə şəhərində baş verən hadisələr diqqətə alınmalıdır:
“Düşmənlərimiz bu olayları Azərbaycanın əleyhinə istifadə etməyə çalışacaqlar.Gəncəlilər hər zaman dövlətimizin yanında olmuşlar,bu cür hadisələrin Azərbaycanı xaosa sürükləməsinə və qarşıdurma yaratmasına imkan verilməməlidir. Baş verən hadisəyə hüquq çərçivəsində baxılmalıdır, cinayət varsa, mütləq mühakimə olunub cəzalandırılmalıdır. Sadəcə ədalətin və hüququn üstünlüyünün təmin edilməsini saxlamaq lazımdır”.
T.Rüstəmxanlı iğtişaşlar nəticəsində dövlətini, xalqını təxribatçılardan qoruyan polis nəfərlərinin şəhid olmasından da danışıb: “Bilirsiz ki, hadisə nəticəsində iki nəfər yüksək rütbəli polis əməkdaşı şəhid oldu. İlk növbədə, bununla bağlı bütün Azərbaycan xalqına başsağlığı verirəm. Onlar xalqımızın mərd oğulları idi və xalqın rifahı naminə, sabitliyi qorumaq yolunda canlarından keçdilər. Bu xalqa görə, bu xalqın insanlarına görə, dövlətimizə görə şəhid oldular. Polislər Azərbaycanı daxildəki düşmənlərdən qoruyur”.
“Biz Azərbaycan Prezidentinin, Azərbaycan polisinin yanındayıq. Hər birimiz ölkəmizin səlaməti üçün sağduyulu olmalıyıq, dedi- qodu səviyəsində gəzən söhbətlər, çox zaman təxribat yaratmaq məqsədi daşıyır, biz bu hadisələrin dövlətimizə və xalqımıza zərər verməsinə izn verməməliyik” – deyə, ATEV sədri Tənzilə Rüstəmxanlı deyib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Gəncə şəhərində bir qrup şəxsin iştirakı ilə iğtişaşlar baş verib. Təxribatlar nəticəsində Azərbaycanın yüksək rütbəli iki polis əməkdaşı qətlə yetirilib. Hadisə nəticəsində 40-a yaxın təxribatçının saxlanıldığı bildirilir./Diaspor.az/