Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlərin görüşü təşkil olunub. Universitetin akt zalında keçirilən görüşdən yayılmış videoda bir neçə tiktokerin iştirak etdiyi, tələbələrin onları coşqu ilə alqışladığı görünür.
Yenicag.az xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə müzakirə və tənqidlərə səbəb olub. İzləyicilər tiktokerlərlə görüşün bu səviyyədə təşkilini nüfuzlu ali təhsil müəssisəsinə uyğun olmadığını bildiriblər. Onlar bu tiktok fenomenlərinin yumor hissinin belə zəif olduğunu bildirərək bu cür alqışlanmalarını rüsvayçılıq adlandırıblar, bu məsələdə universitet rəhbərliyini günahlandırıblar.
Məsələ ilə əlaqədar İqtisad Universiteti ilə əlaqə saxladıq. Təhsil müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən görüş UNEC-in tələbə təşkilatları tərəfindən keçirilib və bu məsələdə onlara seçim üçün tam sərbəstlik verilib: “Bizdə 11 tələbə təşkilatı var, biz onlara sərbəstlik vermişik ki, özləri öz maraq dairələrinə uyğun olaraq vaxtlarının səmərəli keçirilməsi üçün kimi istəyirlər, dəvət etsinlər. Düzdür, biz baxırıq, kimi dəvət etdiklərinə nəzarət edirik, amma tələbələr özləri xoşladıqları tiktokerləri, bloqerləri dəvət edirlər.
Bizim tələbələr çox tədbirlər keçirirlər, burada şəhid ailələri ilə görüşlər də var, rəsmi tədbirlər də var. Bu yaxınlarda öz təşəbbüsləri ilə şair Baba Vəziroğlunu da dəvət etmişdilər. Arada tələbələrə belə əyləncə də lazımdır. Bunu onların öz seçimlərinə buraxmışıq. Burada da qəbahət görmürük. Belə şəxslərin biletləri də satılır, konsertləri də təşkil olunur. Gənclər də ora kütləvi şəkildə gedirlər. Bu, tələbələrin özlərinin təşəbbüsüdür. Məcburi deyil, tələbələrin könüllü istəyini nəzərə alaraq tələbə təşkilatları sorğu əsasında belə görüş keçirirlər. Burada qınağa səbəb olacaq durum, qanun pozuntusu, qeyri-etik hərəkət yoxdur”.
Qeyd edək ki, sözügedən videodan görüşdə tiktokerlər Nicat Şakirli (Nikosayağı), Sabir Samiroğlu və Zaur İsgəndərovun iştirak etdiyi görünür.