“Bu, xarici investorları qorxudub” – Razi Nurullayev

“Dəniz turizminin inkişafı üçün ölkəyə xüsusilə xarici investorlar cəlb edilməlidir. Lakin sahil yerlərinin alınması xarici investorları qorxudub”.

Yenicag.az xəbər verir ki, bunu “Turizm növləri” adlı kitabın təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bu gün bir çoxuna turizm sahəsi ilə bağlı maraqlı olan suallar var.

“Misal üçün Azərbaycana gələn turistlərlə bağlı statistika nə qədər doğrudur? Yaxud real olaraq ölkəmizə cəlb etdiyimiz turistlərin sayını bilirikmi? Və ya turizmdən gələn real gəlir nə qədərdir? Son olaraq turizm ölkə büdcəsinin neçə faizin təşkil edir? Bu suallar ətrafında fikirləşib nəticə çıxarmaq lazımdır”, – deyə o bildiirb.

Deputat vurğulayıb ki, turizm sahəsindəki inkişaf daha da sürətləndirilməlidir.

“Əlavə olaraq, regionlara nəzər yetirək. Düzdür, otellər və istirahət mərkəzləri var. Lakin sadalanan bu yerlərdən hansında uşaq əyləncə mərkəzindən və yeməkdən başqa xidmət mövcuddur? Turist istirahət etdiyi regionda balığa çıxmaq, ova getmək, tura çıxmaq yaxud gününü yadda qalan edəcək məşğuliyyətlər istəyir. Yalnız yaxşı yemək verməklə, uşaqlar üçün əyləncə yeri açmaqla yetinmək olmaz.

Eyni zamanda, dəniz turizminə diqqət ayıraq. Azərbaycanda bu sahədə yalnız üzdə olan bir neçə yer mövcuddur. Xəzər boyu geniş sahil zolağımız var. Dəniz turizminin inkişafı üçün xüsusilə xarici investorlar ölkəyə cəlb edilməlidir. Lakin sahil yerlərinin alınması xarici investorları qorxudub.

Bir sözlə, sadalanan məsələlərə daha çox diqqət ayrılmalıdır ki, ölkəmiz xarici turistlər üçün daha cəlbedici məkana çevrilsin”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29