!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu xəstəlik ömürlük əlilliyə səbəb olur

!Reklam – Yazi

Hər il 16-17 milyon insan insult keçirir. İnsultla bağlı ölüm halları 30-35%, ümumi ölüm sayının isə 11% təşkil edir.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Dilarə Xəlilova bildirib. Onun sözlərinə görə, beyin insultu ömürlük əlilliyə səbəb olacaq xəstəlik kimi dünyada birinci yerdə durur:

“İnsult keçirən xəstələrin 31% kənar şəxslərin köməyinə möhtac qalır, 20 %-də hərəki funksiya bərpa olunmur, yalnız 8-10% insanlar əvvəlki işinə və həyat tərzinə qayıda bilir.

İnsultun yaranma mexanizminə görə əsas 2 növü vardır: işemik və hemorraqik. İşemik növü bütün insultların 80-85%, hemorraqik isə 15-20% təşkil edir. İşemik insult zamanı beyin damarlarında trombotik, embolik tutulma yaranır, həmin hövzədə qan təchizatı pozulur və nekroz yaranır.

Hemorragik insult serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın intrakranial sahəyə – intraventrikulyar, intraserebral, subaraxnoidal, subdural və ya epidural olaraq axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Bu növ insultun əsas yaranma səbəbi beyin damarlarının anevrizması, arteriovenoz transformasiyası və ya damar divarının ateroskleroz nəticəsində kövrəkliyi olur. Subaraxnoidal qansızma cavan insanlara xasdır. Qəflətən başlayır, başgicəllənmə, gözdə sayrışma, başda küy, kəskin baş ağrısı, ürəkbulanma, qusma, şüurun pozulması, psixomotor oyanma, meningial sindrom qeyd olunur. Epileptik tutmalar, tənəffüs, ürək-damar pozulmaları baş verə bilər. Qeyd edim ki, hər iki insult növündə zədələnmmiş beyin nahiyəsi öz funksionallığını itirir və geriyədönməz nevroloji defisitə gətirib çıxarır”.

O deyib ki, işemik insultun klinik təzahürləri müxtəlifdir və hansı arterial hövzədə olmasından bir başa asılıdır:

“Ümumi klinik əlamətləri aşağıda göstərilənlər ola bilər: bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində hərəkətin (plegiya) və ya hissiyyatın pozulması, görmənin zəifləməsi, nitqin aydınlığının pozulması (dizartriya), hərəkətlərin koordinasiyasının pozulması, baş gicəllənməsi, udma aktının pozulması, qıcolma tutmaları, yaddaşın, tanıma qabiliyyətinin pozulması, şüurun pozulması.

İnsultun baş verdiyini nə qədər tez anlayıb, tez bir zamanda xəstəxanaya çatdırmasının xəstə üçün böyük əhəmiyəti vardır. Bu səbəbdən bütün dünyada əhalini maarifləndirmək üçün BE FAST sindromu öyrədilir.

B (balans) – tarazlıq və yerişin pozulması, E (eye) – görmə pozulması, F (face) – üzün və ya ağız bucağının əyilməsi, A (arm) – xəstənin əlində və ayağında (yaxud yalnız əldə, yalnız ayaqda) qəflətən yaranan zəiflik və ya hərəkətsizlik, S (speech) – Nitqin aydınlığının pozulması və ya olmaması, T (time) – dərhal, vaxt itirmədən təcili yardıma müraciət etmək.

Yüksək qan təzyiqi, şəkərli diabet, hiperxolesterinemiya, səyrici aritmiya, qanın reoloji dəyişiklikləri, zərərli vərdişlər (siqaret, alkoqol, oturaq həyat tərzi, piylənmə, irsiyyət və s.)

İnsultun insandan asılı olan və olmayan səbəbləri vardır. Təbii ki, insan yaşını, cinsini, irsiyyətini dəyişə bilmədiyinə görə özünü nə qədər qorusa da, insulta tutulma ehtimalı var. Lakin həyat tərzinə diqqət edilsə, bu ehtimal minimuma qədər endirilə bilər. Belə ki, insan sağlam qidalanmalı, çəkiyə diqqət etməli, aktiv həyat tərzi aparmalı, zərərli vərdişlərdən uzaq olmalıdır. Əgər öncə sadaladığım risk faktorları (təzyiq, şəkər, qanda xolesterin səviyyəsi, laxtalanma, ürək-damar xəstəlikləri) varsa, onları mütləq şəkildə kontrol altında saxlamalı, vaxtlı-vaxtında müayinələrdən keçməlidir”.

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv