“Bir qrup gənci təxribata sövq edənlərin kimliyi dəqiqləşdirilməli və onlar çox sərt şəkildə cəzalandırılmalıdır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Kanal8-ə açıqlamasında gecə saatlarında Bakıda keçirilmiş orduya dəstək yürüşündən sonra bir qrup təxribatçının Milli Məclisin binasına girməsinə münasibət bildirən politoloq Yusif Bağırzadə deyib.
Politoloq bildirib ki, dünənki yürüş bir daha sübut etdi ki, Azərbaycan xalqı öz Ali Baş Komandanının və əsgərinin yanındadır:
“Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı qarşısında xalqımız öz birliyini, qəti iradəsini və düşmənə qarşı barışmaz mövqeyini bir daha göstərdi, qəhrəman şəhidlərimiz böyük izdihamla dəfn edildi, ölkəmizin müxtəlif şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək yürüşləri keçirildi.
Lakin çox təəssüflər olsun ki, bəzi təxribatçı qüvvələr xalqımızın və dövlətimizin bu həssas məqamında arxadan zərbə vurmaqla məşğuldular. Bu təxribatlar özünü açıq-aydın şəkildə sosial şəbəkələrdə də göstərir.
Sosial şəbəkələrdə geniş təxribatla məşğul olan bir qrup şəxs orduya, dövlətin bu istiqamətdə atdığı təqdirəlayiq addımlara qara yaxır, xalqı çaşdırmaq niyyətli xəbərlər yayır, düşmənə xidmət edəcək təxribatlara yol verirlər”.
Yusif Bağırzadə dünənki aksiya zamanı Milli Məclisin binasına basqınla bağlı bunları deyib:
“Bu, sıradan bir təxribat deyildi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi və məqsəd də insanların vətənə, onun şəhidinə sevgi hissələrini dövlətə qarşı yönəltməkdən ibarət idi.
Lakin o qüvvələr də, onların tapşırıqlarını yerinə yetirən “5-ci kolon” təmsilçiləri də bilməli və anlamalıdırlar ki, artıq ötən əsrin 90-cı illəri deyil. Gənclərimizin ruhunu bu təxribatlarla öldürmək mümkün deyil və bu istiqamətdəatılan addımlar heç bir nəticə verməyəcək.
Bunu iyulun 12-dən bu günə qədər davam edən, Ermənistanın törətdiyi təxribatla əlaqədar Səfərbərlik Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən edilən çoxsaylı müraciətlər də sübut edir.
Təkcə bu fakt sübut edir ki, vətəndaşlarımız mövcud vəziyyətdən istifadə edənlərin təxribatların uymayacaqlar. Siyasi xadimlər və ictimai nüfuzlu şəxslər də bu məsələdə fəal olmalı və sağlam mövqe nümayiş etdirərək vətəndaşları qanunlara əməl etməyə çağırmalıdırlar”.
Səxavət Məmməd