“Bu yalnız Azərbaycan hərb maşınının deyil, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının qələbəsi idi” – Mir Şahin
“İlham Əliyev buna görə deyirdi ki, Türkiyənin dəstəyi olmasaydı, biz bu qələbəni qazanmayacaqdıq”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunda çıxış edən “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Real TV) baş direktoru Mirşahin Ağayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük müharibədə qələbəsi tək, Azərbaycan hərb maşınının deyil, Azərbaycan-Türkiyə birliyinin qələbəsidir:
“1990-cı illərin əvvəllərində Azərbaycan və Türkiyə, həmçinin onların imkanları fərqli idi. Mənim yadımda rəhmətlik Əbülfəz Elçibəyin belə bir cümləsi qalıb ki, “Mən nasıl yapaydım bunu? Türkiyə kimi dövlətdən iki helikopter istədim, vermədilər”. Bu ifadə yadınızdadır. Amma indi F-16 gəlib dayanır Azərbaycanda və Azərbaycana F-16 səviyyəsində dəstək verilir. Rəcəb Tayyib Ərdoğanın bu cümlələri mənim ömürlük yadımdan çıxmayacaq. O deyirdi: “Atam oğlu qardaşım ola, keçmərəm. Bir nəfər bu işə qarışmasın”. Ola bilər, sözlərin yerini dəyişim, amma fikir bundan ibarət idi.
İlham Əliyev buna görə deyirdi ki, Türkiyənin dəstəyi olmasaydı, biz bu qələbəni qazanmayacaqdıq. İki dövlət, bir millət. İki dövlət, bir mədəniyyət. İki dövlət, bir incəsənət. İki dövlət, bir media. Məncə, bu gün bizim əsas hədəfimiz bu olmalıdır. Azərbaycan-Türkiyə media platforması yaradılıb, bu işdə Azərbaycan Respublikası prezidentinin köməkçisi, dostum Hikmət Hacıyevin bu məsələdə xüsusi rolu var.
İndi mən baxıram ki, biz bir qələbədən danışırıq. Əslində, bu yalnız Azərbaycan hərb maşınının deyil, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının qələbəsi idi”.