“Müalicə üsulu ilə siqareti tərgitmək zaman tələb edir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siqaret istifadəsindən yaranan xəstəliklər və bu zərərli vərdişi atmağın yolları barədə danışan pulmonoloq Əsəd Beydullayev deyib.
Onun sözlərinə görə, vaxtilə Türkiyə və ya başqa ölkəyə səfər edəndə insanların xüsusilə, qadınların və yeniyetmələrin nə qədər çox siqaret çəkdiyinin şahidi olurduq.
“Bu hal insanı dəhşətə gətirirdi. Lakin çox təəssüf ki, artıq özümüz də o həddə gəlib çatmışıq. Siqaret çəkmək səbəbindən meydana gələn xəstəliklər saymaqla bitmir. Bunların ən başında təbii ki, ağciyər xəstəlikləri dayanır. Xərçəng xəstəliyi isə bunların ən ağırı hesab olunur. Eyni zamanda, gündəlik müraciətlərin böyük hissəsini xronik obstrüktif ağ ciyər xəstəliyi təşkil edir. Əvvəlki dövrlərdə bu xəstəlik 50 yaş və ondan yuxarı olan kişilərdə rast gəlirdik. Amma hazırda müraciət edənlər arasında qadınları da görürük. Həmçinin normal çalışmayan bir ağciyər, damarlar digər orqanlarında işinə müəyyən qədər təsir göstərir. Bundan başqa ağız boşluğu xərçəngi, dildə olan potologiyalar, allergik xəstəliklərin kəskinləşməsi də siqaretdən yaranan xəstəliklərdir”, – deyə o əlavə edib.
Ə.Beydullayev qeyd edib ki, siqaret aludəçiləri bəzən “istədiyim anda siqareti ata bilərəm”, deyə düşünür:
“Lakin bu belə deyil. Bu zərərli vərdişdən uzaqlaşmaq çox çətin bir məsələdir və çox ciddi asılılıqdır. Bu, həm də fiziki asılılıqdır. Bu işi daha da ağırlaşdırır. Siqaretdən uzqlaşmağın da təbii ki, ənənəvi yolları var. Bunların ən başında asılılıq yaradan siqaretin tərkibində olan nikotini verərək digər dərmanların verilməməsidir. Bu, nikotin əvəzedici terapiya adlanır. Digər bir yol konservativ dərmanlarla olan metoddur ki, burada beyində olan dofamin, yəni siqareti çəkən zaman müəyyən həzz verən mərkəzləri var ki, həmin mərkəzləri bloklayaraq, siqareti çəkən zaman həzz almaması və bunun öz mahiyyətini itirməsindən söhbət gedir. Bundan başqa, digər qeyri-ənənəvi yollar da mövcuddur.
Təcrübəmə əsaslanaraq, onu deyə bilərəm ki, tanışlarım arasında 70 yaşlı bir insan var idi ki, 50 ildir siqaretdən istifadə edirdi, amma o bir gündə siqaretdən imtina etdi. Ümumiyyətlə, insanın siqareti tərgitməsində ən vacib yol onun zərərini dərk edərək ondan uzaqlaşmasıdır. Müalicə üsulu ilə isə siqareti tərgitmək zaman tələb edir. Düşünürəm ki, siqaretin zərərləri ilə bağlı təbliğat yetərincə deyil”.
İsmayıl Bakuvi