“Bu Zirvə görüşü Türk dövlətlərinin birliyini daha da möhkəmləndirəcək” – Qabil Hüseynli

“Prezident İlham Əliyevin pandemiya dönəmində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünü təşkil etməsi çox müsbət addımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamsında Azərbaycan prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsini və bu mühüm tədbirin nəticələrini şərh edən politoloq Qabil Hüseyinli deyib:

Qabil Hüseyinli bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü əsasında videokonfrans vasitəsilə baş tutan Zirvə görüşü ciddi əhəmiyyətə malikdir:

“Xüsusilə, nəzərə çatdırmaq lazımdır ki, bir neçə il bundan öncə yaradılmasına baxamayaraq, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası qısa müddətdə nüfuzlu təşkilata çevrilib.

Ümumdünya Səhiyyə Təşkilatı rəhbərinin də Şuranın videokonfransına qatılması və çıxış etməsi, koronavirusa qarşı apardıqları mübarizəyə görə Azərbaycan və Türkiyəyə minnətdarlıq bildirməsi, üstəlik Azərbaycanın ÜST-ə 5 milyon dollar məbləğində yardım ayırdığını vurğulaması diqqəti cəlb edən məqamdır.

Videokonfransda sözün həqiqi mənasında çox ciddi məsələlər müzakirə edildi. Əvvəla, koronavirus dönəmində Türkdilli dövlətlər arasında əməkdaşlığın yeni formalarının axtarılmasına geniş diqqət yetirildi. Bu sahədə xüsusilə, iştirakçı ölkələr arasında qida məhsulları üzrə yükdaşımaların həcminin artırılmasına dair ümumi razılığa gəlindi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TIR-ların rahat hərəkəti üçün Azərbaycan və Qazaxıstanın xüsusi şərait yaratdığını vurğuladı. Bundan əlavə, Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində bərə ilə yük daşımalarının həcminin artırılmasına dair razılıq əldə olundu”.

Politoloqun sözlərinə görə, Türkdilli dövlətlərin liderlərinin Zirvə görüşü koronavirusla mübarizənin effektli aparılması üçün təcrübə mübadiləsinə mühüm zəmin yaratdı:

“Azərbaycan prezidenti həm ölkədə koronavirusa qarşı aparılan mübarizədən danışdı, həm də gələcəkdə türkdilli ölkələr arasında əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın körpü rolu oynaya biləcəyini xüsusi vurğuladı.

Belə qərara gəlindi ki, iştirakçı dövlətlər koronavirusla aparılan mübarizədə əldə edilən təcrübəni bir-birilərilə bölüşsünlər, nəticələrdən faydalansınlar.

Ərdoğan bəyan etdi ki, Türkdilli dövlətlər olaraq, qardaşlığımızı, soykök ortaqlığımız üzərində qurulmuş birliyimizi genişləndirmək üçün bundan sonra da əzmlə çalışmalı, bu qardaşlığa uyğun olan əməkdaşlıq formalarını tapmalıyıq.

Bir sözlə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün təşkili və orada səsləndirilən fikirlər böyük əhəmiyyət daşıyır. Əminliklə deyə bilərik ki, bu görüş Türk dövlətləri arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Səxavət Məmməd