“Macarıstanın baş naziri Viktor Orbanın yeritdiyi siyasət müstəqildir. Qərb ölkələrinin çoxu öz “dirijorlar”ının idarəsi ilə siyasət yürütsələr də, Orban bu məsələdə fərqlidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.
O, Macarıstanın baş naziri Viktor Orbanın Moskva və Çinə səfəri kontekstində baş verən hadisələrdən söz açıb.
M.Zülfüqarlı diqqətə çatdırıb ki, bu gün bütün Qərb ölkələri Ukraynaya dəstək verirlər:
“Lakin yaddan çıxarırıq ki, Ukrayna ilə Macarıstan arasında ərazi problemləri var və Orban başda olmaqla, Budapeşt administrasiyası bir qədər fərqli mövqe tutur. Bundan başqa, türkdilli dövlətlərin sırasına Macarıstanın qoşulması Avropa İttifaqında birmənalı qarşılanmır və tənqid olunur. O cümlədən, Macarıstanın Çin və Rusiya ilə fərqli siyasəti də tənqid atəşinə tutulur”.
M. Züfüqarlının sözlərinə görə, baş verənlər onu göstərir ki, NATO-ya daxil olan ölkələr ABŞ-nin yürütdüyü siyasətə uyğun siyasət yürüdəndə onlar təqdir, öz dövlətlərinin milli maraqlarından çıxış edəndə isə tənqid olunurlar:
“Bu gün Türkiyə və Macarıstan NATO ölkələri olaraq Türk Dövlətləri Təşkilatında iştirak edirlər və onların yanaşması Vaşinqtonun direktivlərindən fərqlidir. Qısacası, Macarıstanın maraqlarına uyğun olaraq Rusiya, Çin və türk dövlətləri ilə yaxınlaşma Qərb ölkələrinin, xüsusilə də ABŞ-nin siyasətindən fərqli olduğu üçün Budapeşt “hədəf taxtası”na qoyulur. Bu da onu göstərir ki, Avropa İttifaqı, NATO və Qərbin orbitində olan təşkilatlara daxil olan ölkələrin müstəqil siyasət yeritməsində problemlər var. ABŞ istəyir ki, bu ölkələrin daxili siyasətlərinə qarışıb öz maraqlarına uyğun yönəltsin”.
“Mənə elə gəlir ki, əgər biz insan haqları, Qərb dəyərləri və demokratiyadan danışırıqsa, bu, belə olmamalıdır. Hər bir dövlətin suveren hüquqları var və onların da öz maraqlarına uyğun siyasət yeritmək haqqı mövcuddur. Unutmamalıyıq ki, ABŞ-Böyük Britaniya, ABŞ-Fransa və ABŞ-Almaniya münasibətləri də problemlidir. Məsələn, ABŞ ilə Böyük Britaniya Fransaya qarşı tamamilə başqa siyasət yeridirlər. Paris administrasiyası Avropa Ordusu yaradıb NATO-dan çıxmaq istəyəndə, Böyük Britaniya və ABŞ buna cavab olaraq Fransa ilə bağlı ölçülü siyasət yürütməyə başlayırlar. Avropa İttifaqı və NATO ölkələrinin bir-biri ilə münasibətlərində problemlər var.
Hesab edirəm ki, Macarıstan öz maraqlarından ötrü siyasət yeritməkdə haqlıdır və Qərb ölkələrinin bir çoxundan fərqli olaraq Çin və Türk Dövlətləri Təşkilatı ilə apardığı siyasətdə müstəqildir və bu təqdirəlayiqdir”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov