Portuqaliyanın “Sportinq” klubunun prezidenti Bruno de Karvalyo 19 futbolçunu komandadan kənarlaşdırıb.
Yenicag.az xəbər verir ki, Lissabon təmsilçisi Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində səfərdə Madrid “Atletiko”suna 0:2 hesabıyla uduzduqdan sonra klub prezidenti futbolçuları çox sərt şəkildə tənqid edib. Bu isə komandanın aparıcı futbolçuları tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə kapitan Ruy Patrisiu sosial şəbəkə vasitəsilə Karvalyonun ittihamlarının yersiz olduğunu bəyan edib. Onun bu açıqlamasını daha 18 futbolçu paylaşmaqla dəstək nümayiş etdirib.
Futbolçuların bu addımı klub prezidentini özündən çıxarıb. Nəticədə Karvalyo 19 futbolçunun komandadan qovulması ilə bağlı qərar qəbul edib.
Portuqaliya mətbuatının yaydığı məlumata görə, paytaxt klubu bazar günü ölkə çempionatı çərçivəsində qarşılaşacağı “Pasuş” ilə oyuna “Sportinq”in B komandasının futbolçuları ilə çıxacaq. Hansı ki, bu komandada azərbaycanlı futbolçu Budaq Nəsirov da çıxış edir.