Büdcə layihəsi müxalifəti maraqlandırmır? – Partiya sədrlərinin cavabı

Ölkə müxalifətinin bir neçə həftə əvvəl təqdim olunmuş 2018-ci ilin dövlət büdcəsi layihəsini ümumi müzakirəyə çıxartmaması diqqətdən yayınmır.

Yenicag.az xəbər verir ki, noyabrın 21, 22 və 23-də Milli Məclisin plenar iclaslarında 2018-ci il dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılacaq.

Ötən illərin təcrübəsinə əsaslanıb, qeyd edə bilərik ki, parlamentdə keçiriləcək müzakirələrdən sonra büdcə layihəsinin qəbul ediləcəyi şübhə doğurmur.

Bununla belə, aradan keçən müddət ərzində müxalifət partiyalarının 2018-ci il büdcə layihəsinə diqqət ayırmaması hakimiyyət əleyhdarlarının dövlətin əsas maliyyə sənədinə laqeydliyi kimi qiymətləndirilir.

Mövzu barəsində Yenicag.az-a danışan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, hökumət başqa məsələlərdə olduğu kimi büdcə layihəsinin müzakirəsində də müxalifətin mövqeyinə əhəmiyyət vermir:

“Hakimiyyət bütün məsələləri öz nəzarətində saxladığına görə, belə deyək, “özü “doğub”, göbəyini də özü kəsdiyinə və büdcəni də özləri talan elədiklərindən bütövlükdə cəmiyyətimiz bu və başqa məsələlərdə kənarda saxlanıldığına görə burada qeyri-adi heç nə yoxdur.

Hökumət müxalifətin mövqeyini, təkliflərini heç vaxt nəzərə almadığı üçün bizlərin büdcə layihəsinin müzakirəsində iştirakı mümkün deyil və bu da təəccüb doğurmamalıdır.

Onlar üçün nə var ki? Məsələləri özləri müzakirə edəcəklər, qərar verəcəklər, özləri dağıdacaqlar, mənimsəyəcəklər və sair. Yəni dəyirman öz bildiyini edəcək, müxalifətin aparacağı müzakirələr isə başağrısından başqa bir şey olmayacaq”.

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Yenicag.az-a açıqlamasında deyib ki, müxalifət 2018-ci ilin dövlət büdcəsi layihəsini ümumi müzakirəyə çıxartmasa da, rəhbəri olduğu təşkilat bu barədə mövqeyini ifadə edib:

“Layihə təqdim olunandan sonra ADP bu məsələyə münasibətini bildirərək, o sənədin qeyri-sosial büdcə olduğunu, xalqa qarşı yönəldiyini bəyan etmişik.

Hər halda, elmə və səhiyyəyə ayrılan vəsaitin azlığı, büdcə kəsirinin böyüklüyü hökumətin yarıtmazlığını, iqtisadiyyatın hələ də neftdən asılı olduğunu əyani surətdə təsdiqləyir.

Müxalifətin büdcə müzakirəsi aparmamasının da obyektiv səbəbi var. Çünki bu işləri görmək, hətta alternativ, müqayisəli bir layihə hazırlamaq üçün əlimizdə dəqiq rəqəmlər olmalıdır.

Müxalifətin həmin məlumatlara çıxışı yoxdur. Həmçinin, müxalifətin hazırlayacağı təkliflər də hökuməti maraqlandırmır. Belə vəziyyətdə büdcə müzakirəsi aparmağın nə mənası qalır ki?”

A. Zeynalov

COP29