!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Büdcə şəffaflığı üçün daha nələr edilməlidir?

!Reklam – Yazi

budceXəbər verdiyimiz kimi, ölkə prezidentinin təqdimatı ilə Milli Məclisdə “Büdcə sistemi haqqında” qanuna dövlət büdcəsinin icrası prosesində şəffaflığı artıran bir neçə dəyişiklik layihəsi müzakirə olunur.

Layihələrdə Hesablama Palatasına büdcənin icrasına nəzarət baxımından əlavə səlahiyyətlər verilir, həmçinin, büdcənin icrasına dair açıqlanacaq məlumatların əhatəsi genişləndirilir. Bu dəyişiklikləri şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, büdcə şəffaflığının artırılması, həmçinin, büdcə üzərində xarici audit səlahiyyətlərinin genişləndirilməsi istənilən halda təqdir edilməlidir:

“Xüsusilə böyük resurs gəlirlərinin kəskin azaldığı, resursların məhdudluğu şəraitində… Belə məqamda büdcənin hər manatının səmərəli istifadəsi baxımından şəffaflıq və hesabatlılıq təşəbbüslərinin genişlənməsi son dərəcə mühümdür. Büdcə prosesinin təşkili və tənzimlənməsi ilk növbədə büdcə xərclərinin səmərəliliyinin təmin olunması ilə bağlı dayanıqlı mexanizmlərin yaradılmasını tələb edir. Hazırkı büdcə tərtibatı format və büdcə sənədlərinin hazırlanması baxımından xərcləmələrin səmərəliliyini qiymətləndirməyə imkan vermir”.

Ekspertin sözlərinə görə, ictimai vəsaitlərin xərclənməsi ilə bağlı “səmərəlilik” anlayışı vəsaitlərdən maksimum nəticənin əldə edilməsini ehtiva edir. Həmin nəticələrə görə, dəqiq məsuliyyətin və öhdəliyin müəyyən edilməsi mümkün olur:
“Proqnozlaşdırılan xərclərə münasibətdə səmərəliliyi qiymətləndirmək üçün bir neçə mühüm mexanizm olmalıdır. Belə mexanizmlər kimi bu normalar hazırlana bilər:

– Hökumət və müxtəlif qurumlar üçün ortamüddətli strateji planlar və ortamüddətli xərc çərçivələri;

– Büdcə xərclərinin yönəldiyi hər bir funksional istiqamət üzrə hökumətin dəqiq müəyyən edilmiş və əsaslandırılmış prioritetləri;

– Bütün sektorlar üzrə tam detallaşdırılmış siyasət (tədbirlər) istiqamətləri; hər bir istiqamət üzrə məqsədlər; buna çatmağı ölçə biləcək indikatorlar; indikatorların baza dövrü və büdcə sənədinin qüvvədə olacağı qarşıdakı illər üzrə hədəflənən kəmiyyət göstəriciləri;

– Büdcənin əhatə etdiyi orta müddətli dövr üzrə gözlənilən əsas islahat və dəyişikliklər daxildir.

Əgər bu mexanizmlər hüquqi norma kimi tətbiq edilmirsə və büdcə tərtibatı bu sənədlər əsasında aparılmırsa, büdcə xərclərinin səmərəliliyinin təmin olunması imkansızdır.”

R.Ağayev qeyd edir ki, büdcə şəffaflığının artırılması üçün qanunvericiliyə təklif olunan dəyişikliklərlə yanaşı, daha təsirli mexanizmlər mövcuddur:
“Əvvəla, vətəndaş cəmiyyətinin və maraqlı tərəflərin iştirakçılığının təmin edilməsi mexanizmlərinin olmadığı şəraitdə şəffaflığın təmin edilməsi ilə bağlı təsirli mexanizmlərin özü belə effektiv çalışmaya bilər. İştirakçılıq üçün hökumət və parlamentin vətəndaş cəmiyyəti ilə büdcə mövzusunda arasıkəsilməz dialoquna, birgə büdcə dinləmələrinin keçirilməsinə, müstəqil ekspert cəmiyyətinin hazırladığı büdcə rəylərinin büdcə layihələrində nəzərə alınmasına, müxtəlif maraq qruplarının büdcə ehtiyaclarının öyrənilməsi üçün Maliyyə Nazirliyinin və müxtəlif sahə nazirliklərinin ekspertlərinin həmin qrupların təmsilçiləri ilə birgə müzakirələrinə, məsləhətləşmələrinə ehtiyac var. Hazırda Azərbaycanda bu qəbildən olan mexanizmlər, ümumiyyətlə, mövcud deyil.

Digər tərəfdən, büdcə xərcləmələrinə münasibətdə şəffaflıq bütün xərclərin həcmi, strukturu, son təyinatı və istiqamətləri ilə bağlı informasiyalarının ictimaiyyət üçün açıqlığını, təqdim edilən göstəricilərin tam anlaşılan olmasını ehtiva edir. Şəffaflıq mexanizmləri kimi bir sıra mühüm addımların atılması mühkümdür. Belə mexanizmlər kimi aşağıdakı addımların atılması vacibdir:

– Rayon və şəhərlər üzrə yerli xərclərin funksional, təşkilati və iqtisadi təsnifatının büdcə zərfinə daxil edilməsi.
Bu məlumat ictimaiyyət tərəfindən ölkənin bütün inzibati əraziləri üzrə yerli vergi öhdəliklərinin səviyyəsini və yığımların icra vəziyyətini, yerli büdcə xərclərinin strukturunu və prioritetlərini dəqiq izləməyə imkan verəcək;

– Rayon və şəhərlərinə yönələn mərkəzləşdirilmiş xərclərin funksional istiqamətləri göstərilməklə, ayrıca götürülmüş hər bir rayon və şəhər üzrə detallı açıqlanması.
Bu məlumat ictimaiyyət tərəfindən ölkənin bütün inzibati mərkəzləşdirilmiş büdcə xərclərinin strukturunu və prioritetlərini dəqiq izləməyə imkan verəcək;

– Xarici kreditlər hesabına həyata keçiriləcək hər bir layihə üzrə məlumatların büdcə zərfinə daxil edilməsi.
Bəzi layihələr tamamilə kredit vəsaitləri, bir qism layihələr isə büdcə vəsaitləri və kredit resurslarının ortaq dəstəyi ilə həyata keçirilir. Layihələrin siyahısı açıqlanmalı, hər bir layihə üzrə kredit resurslarının və büdcə vəsaitlərinin məbləği ayrıca göstərilməlidir.

– Hesabat ili ilə müqayisədə növbəti maliyyə ili üzrə xərclərin funksional və iqtisadi təsnifatında baş verən kəskin dəyişikliklərin səbəbləri ilə bağlı, büdcə zərfinə əsaslandırılmış və aydınlaşdırıcı izahatların təqdim edilməsi.
Bəzən xərclərin strukturunda və məbləğində kəskin dəyişikliklər baş verir, amma büdcənin ictimai ekspertizası ilə məşğul olan vətəndaş cəmiyyəti, büdcəni müzakirə və təsdiq etməli olan Parlamentin üzvləri belə dəyişiklilərə dəqiq cavablar tapa bilmirlər;

– İnvestisiya xərclərinin planlanan layihələr üzrə açıqlanması.
Bu layihələrlə bağlı büdcə zərfinə detallı məlumatlar daxil edilmir, halbuki şəffaflıq baxımından çox önəmlidir.

– Büdcə icrasına dair hesabat Parlamentə büdcə xərclərinin funksional, təşkilati, iqtisadi təsnifatına uyğun təqdim edilməlidir. Hazırda isə büdcə icrasına dair hesabatda xərclər yalnız funksional təsnifat üzrə açıqlanır”.

Ekspert hesab edir ki, qeyd olunanlarla yanaşı, büdcə informasiyalarının əlçatanlığını təmin etmək üçün hökumətin elektron formada bütün millət vəkillərinə təqdim etdiyi büdcə zərfi ilə ictimaiyyətin “online” tanışlığına imkan yaradılmalıdır:
“Büdcə informasiyalarının açıqlığını təmin etmək üçün büdcə zərfilə bağlı bütün məlumatlar Maliyyə Nazirliyinin saytı vasitəsilə yayıla bilər”

İqtisadiyyat şöbəsi
Yeniçağ.Az

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv