Büdcəni doldurmaq əvəzinə talayan DÖVLƏT ŞİRKƏTLƏRİ: “O qurumlar özəlləşdirilməsə…” – İqtisadçıdan TƏKLİF
“Mövcud vəziyyət dövlət şirkətlərinin idarə olunmasında köklü dəyişikliklər edilməsinin vacibliyini göstərir”.
Ötən gün prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bir sıra dövlət şirkətlərini sərt tənqid edib.
Belə ki, prezident öz çıxışında Azərbaycan Hava Yolları (AZAL) başda olmaqla, bir sıra dövlət qurumlarının fəaliyyətinin səmərəsiz olduğunu bildirib və dövlət şirkətlərinin işində yeni idarəetmə sisteminin qurulmalı olduğunu vurğulayıb.
İqtisadçı Pərviz Heydərov Yenicag.az-a açıqlamasında qeyd olunan dövlət şirkətlərinin fəaliyyətinin səmərəli tənzimlənməsi ilə bağlı fikirlərini bildirib.
Pərviz Heydərov qeyd edib ki, sözügedən şirkətlər dövlət büdcəsinə kifayət qədər vəsait ödəməli olsa da, hazırkı vəziyyətdə bunun əksi yaşanır:
“Dövlət şirkətlərindəki idarəetmə ilə bağlı problemlər uzun müddətdir ki, mövcuddur. Bu problemlərin bir qismi zamanla aradan qalxsa da, əvəzində yeni problemlər üzə çıxıb.
Ümumiyyətlə, mövcud vəziyyət dövlət şirkətlərinin idarə olunmasında köklü dəyişikliklər edilməsinin vacibliyini göstərir. Dövlət şirkətləri ilə bağlı problemlər onların təsərrüfat fəaliyyətlərindən açıq şəkildə görünür. Nəticədə həmin şirkətlər dövlət qarşısında olan öhdəliklərini yerinə yetirə bilmir.
Sözügedən şirkətlər dövlət büdcəsinə kifayət qədər vəsait ödəməli olsa da, hazırkı vəziyyətdə bunun əksi yaşanır. Yəni dövlət vaxtaşırı həmin şirkətlərə maliyyə yardımı ayırır. Təbii ki, bu proses uzun müddət davam edə bilməz. Pandemiya dövrü bir daha sübut etdi ki, həmin şirkətlərin fəaliyyəti ilə bağlı ciddi islahatlar həyata keçirilməlidir”.
İqtisadçı hesab edir ki, dövlət şirkətlərinin fəaliyyətinin düzgün idarə olunması üçün onlardan bəzilərinin özəlləşdirilməsinə ehtiyac var:
“Ölkəmizdə çox sayda açıq və qapalı tipli səhmdar cəmiyyətlər var. Bu cəmiyyətlərlə bağlı özəlləşdirilmə prosesi həyata keçirilməlidir”.
Gülşən Şərif