“2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat olub. Bu o deməkdir ki, bu müddətdə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb”.
Yenicag.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, proqnozla müqayisədə büdcə gəlirləri 8,1 faiz, büdcə xərcləri isə 33.8 faiz çox icra olunub:
“Həm neft-qaz, həm də qeyri-enerji sekorundan büdcəyə daxilolmalar proqnozlaşdırılandan daha çox olub. Büdcə göstəriciləri elan ediləndən sonra ən çox ünvanlanan suallardan biri də 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlıdır. Əvvəlki illərdə profisit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib. “Büdcə sistemi” haqqında qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.
Bu isə o deməkdir ki, dövlət büdcəsində formalaşan profisit və növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla bununla bağlı qərar verilir. Gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək. Büdcəyə yenidən baxılacağı halda işğaldan azad olunan ərazilərimizin bərpa və yenidənqurulması, milli təhlükəsizlik, sosial təminat kimi istiqamətlərin priortitet olacağı istisna deyil”.