Yaranmış son durumla bağlı olaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub.
Görəsən, belə bir addımın atılması nədən qaynaqlanır və onun istehlak bazarına nə kimi təsirləri ola bilər?
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Yenicag.az-a açıqlamasında bildirdi ki, un və buğda üzərindən ƏDV-nin götürülməsi son günlər yaşanan narazılıqların nəticəsidir. Atılan bu addım ekspertə görə un və çörəyin qiymətini ancaq bir halda aşağı salacaq. Dünya bazarında buğdanın qiyməti qalxmasa: “Buğda və un idxalı, istehsalı və satışı üzərindən əlavə dəyər vergisinin götürülməsi son günlər ölkənin bir sıra rayonlarını bürüyən narazılıqlarla bağlıdır. Unun, çörəyin qiyməti ciddi şəkildə artıb. Buğdanın qiymət artımı ilə bağlı məlumatlar sızmasa da, amma reallıqda bazarda apardığımız araşdırmalar onu deməyə əsas verir ki, indilikdə məhz buğdanın qiymətində ciddi artımlar müşahidə edilir. Bu da öz növbəsində unun qiymətinə təsir edir, çörək bişirmə ilə mğşğul olan sahibkarlar da çörəyin qiymətini qaldırırlar. ƏDV 18 faizdir. Onun aradan qaldırılması fonunda ölkəyə gətirilən buğdanın qiymətində azalma baş verəcək. Əgər dünya bazarında qiymətlər bu günkü səviyyədə qalarsa. Ancaq iki gün öncə dünya bazarında buğdanın qiymətində 5 faizlik artım baş verdi və bu artım tendensiyasının hələ davam edəcəyi də istisna deyil. Belə olan halda un və taxıl üzərindən ƏDV-nin götürülməsi əlbəttə ki, qiymətlərin aşağı düşməsinə səbəb olmayacaq. Amma ümumiyyətlə, Azərbaycan bazarında qiymət ucuzlaşması ola bilsin nisbətən baş versin. İnanmıram ki, bu addımın ciddi bir təsiri olsun. Çünki manatın dəyərdən düşməsi ümumiyyətlə, iqtisadiyyata ciddi təsir göstərib, qiymətlərdə fərqlər əmələ gəlib. Bu fərqlərin də diapozonunu müəyyən etmək mümkün deyil. Sahibkarların əksəriyyəti yaranmış vəziyyətdə ciddi hesablamalar apara bilməyib. Yəni, istehsal etdiyi, idxal etdikləri məhsulu real qiymətə uyğun şəkildə dəyərləndirə bilməyiblər. Bu baş verərsə, ölkədə un və un məmulatlarının qiymətində hələ bir müddət artım müşahidə edəcəyik”.
ELÇİN