Bulvarda torla qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dənizkənarı Bulvar İdarəsinin ərazisində torla qanunsuz balıq ovlayan şəxsi saxlayıb.

Su Nəqliyyatında Polis İdarəsindən Yenicag.az-a verilən məlumata görə, tədbir nəticəsində Mirmehdi Mansurov dənizə tor atmaq istəyən zaman polislər tərəfində tutulub.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları M.Mansurova bu cür balıq tutmağın qanunsuz olduğunu, həmçinin may-sentyabr ayları arasında balıq ovunun qanunvericiliklə qadağan olduğunu vətəndaşın diqqətinə çatdırıblar.

Qeyd edək ki, son günlərdə Bakı Buxtasının bir neçə nöqtəsində balıq ovlamaq üçün yararsız tor hissələri aşkar olunub. Bu isə guya Dənizkənarı Bulvar İdarəsi ərazisində qanunsuz balıq ovunun təşkil edildiyi barədə qeyri-dəqiq informasiyaların yayılmasına gətirib çıxarır. Nəzərinizə çatdıraq ki, həmin torlar Xəzər dənizinin digər hissələrinə tullantı kimi atılan və külək vasitəsi ilə Dənizkənarı Bulvar ərazsinə gəlib çıxan balıqovlama vasitələridir. Bununla yanaşı əhalidən Dənizkənarı Bulvar ərazisində balıqçı torları ilə rastlaşdıqları təqdirdə Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38 -02 və 012 -433 -38 -12 nömrələri ilə əlaqə saxlamaları xahiş edilir.

Bununla yanaşı idarə əməkdaşları tərəfindən dənizə ölü balıqlar buraxan şəxslərə qarşı da mübarizə gücləndirilib. Bəzi dırnaqrası balıqçılar bilərəkdən insanlar arasında dənizə zəhərli maddələr atıldığını və bu səbəbdən balıqların öldüyü barədə həqiqətə uyğun olmayan məlumatlar yaymağa çalışırlar. Buna səbəb isə həmin şəxslərin qanunsuz balıq ovlamağa cəhdlərinin qarşısının vaxtında alınmasıdır.