“Buna görə heç vaxt borca girmərəm” – Tanınmış aparıcı ən çox nəyə pul XƏRCLƏYİR?

“Həyat yoldaşım açıq-saçıq geyinmədiyimi bilsə də, bəzən mənə deyir, geyiminə hər zaman diqqət elə. Bunun də səbəbi var…”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Aytəkin Mərdanova deyib.

Qarderobundan danışan Aytəkin bədən ölçüləri imkan versə də, heç vaxt açıq-saçıq geyimlər geyinmədiyini bildirib:

“Qarderobumda açıq-saçıq geyimlər demək oalr ki, yox dərəcəsindədir. Artıq çəkim yoxdur, bədən ölçülərim açıq geyimləri geyinməyə imkan versə də, bunu etmirəm. Hətta mənə sual verirlər ki, niyə açıq-saçıq geyimlərdən qaçırsan, baxmayaraq ki, bədən ölçülərin buna imkan verir? Sadəcə olaraq bu, xarakterimlə bağlıdır. Məsələn, heç vaxt sinə dekoltesi olan geyimlər sevmirəm və geyinmirəm. Amma qısa ətəklər geyinirəm.

Ta universitetdə təhsil aldığım zamanlardan bu günə kimi qısa ətəkləri xoşlamışam. Geyimləri öz zövqümə və təbiətimə uyğun seçirəm. Deyim ki, xüsusi qadağalarım yoxdur. Amma həyat yoldaşım açıq-saçıq geyinmədiyimi bilsə də, bəzən mənə deyir, geyiminə hər zaman diqqət elə. Bunun də səbəbi var, artıq-əskik söz-söhbətlərə rəvac yaranmasın deyə. Çünki üzdə olan insanlar hər zaman müzakirə olunur. Bir də görürsən kimsə normal geyimdə olan bir foto paylaşır, dərhal sosial şəbəkə izləyiciləri tərəfindən haqsız iradlara tuş gəlir”.

Dəbdəbəni sevən aparıcı bununla belə “ayağını yorğanına görə uzatdığın”ı etiraf edib:

“Qarderob mənim üçün çox önəmlidir. Tanıyanlar bilir, ayaqqabı və çanta dəlisiyəm. Özü də brend olması şərtdir. Maddi durumumdan asılı olaraq ən çox pulu da elə ayaqqabı və çantalara xərcləyirəm. Hələ orta məktəbdə oxuyanda mənim bahalı xəzim var idi. Yalan nə deyim, dəbdəbəni çox sevirəm. Həmişə istəyirəm evim də yaxşı olsun, avtomobilim, geyimlərim də. Amma bunu da etiraf edim ki, heç borca girib özümə nəsə almaram. Maddi imkanlarımla istəklərimi uzlaşdıran adamam. Qızıl və zinnət əşyalarını çox sevirəm. Heç vaxt bijuteriyaya pul vermirəm. Pulum olan kimi son dəbdə olan qızıl bəzək əşyaları alıram”.

Cəvahir