“Buna qanunu dəyişməklə nail olmaq olar” – Deputat

“Ermənistanla yox, onun sahibi ilə danışmaq lazımdır”.

Yenicag.az-ın “MediaPost”a istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirməlidir:

“Biz indi Türkiyənin olduğu hərbi-siyasi ittifaqa üzv olmalıyıq. Buna görə rəsmi qaydada NATO-ya müraciət etməliyik. Çünki Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında saziş imzalamalıyıq. Cəmiyyətimizdə bəzi nümayəndələr tələblə çıxış edirdilər ki, türk ordusu Azərbaycanda qalsın, ümumiyyətlə hərbi bazalar ölkədən çıxmasın. Mən də mövzu ilə bağlı demişdim ki, bunun üçün ilk olaraq, qanunvericilik dəyişməlidir. Milli Məclisin qərarı ilə təsdiq olunmuş hərbi doktrinada qeyd olunur ki, xarici hərbi bazaların yaradılmasına icazə verilmir. Yalnız hərbi-siyasi vəziyyətdə ciddi dəyişikliklər olduqda müvəqqəti xarici hərbi iştiraka icazə verilir. Üç gün ərzində bu qanunu dəyişmək olar. Yəni qanunu dəyişməklə hüquqi müstəvidə bu məsələni icra etmək mümkündür”.

Deputatın fikrincə, Azərbaycan müharibə vəziyyətində olduğu üçün özünə hərbi müttəfiqlər tapmalıdır:

“Hazırda Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Buna görə də Azərbaycan əvvəlcə özünün neytral mövqeyindən imtina etməlidir. Çünki müharibə vəziyyətində olan dövlət özünə hərbi müttəfiqlər tapmaq üçün bitərəf yanaşmasından uzaqlaşmalıdır. Bundan başqa, ordumuz NATO əsaslarında qurulmalıdır”.