“Bundan geri çəkilmək İslam Respublikasından geri çəkilmək deməkdir”

İranda əxlaq polisi ləğv edilsə də, hicab qaydalarının pozulması ilə bağlı cəzaların sərtləşəcəyi gözlənilir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın mühafizəkar deputatı Hüseyn Cəlali danışıb.

Parlamentdə hicab qanunu ilə bağlı məlumat verən Cəlali bildirib ki, çadranın çıxarılması İran rejiminin çökməsi deməkdir.

Deputat daha sonra fikrini belə izah edib:

“Üsyançı hərəkat hazırda nəzarət altındadır. Lakin bu dəfə üsyançılar tərəfdarlarına deyirlər ki, gedin çadranızı açın ki, məqsədimizə çataq. Bu, küçə nümayişlərindən az təhlükəli deyil. Hicaba tabe olmamağın cəzasını artıracağıq. Bizim hicab qaydasından geri addım atmağımız mümkün deyil. Bundan geri çəkilmək İslam Respublikasından geri çəkilmək deməkdir. Biz Daxili İşlər Nazirliyi və məhkəmə orqanları ilə koordinasiyalı işləyirik”.

Qeyd edək ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən döyülən 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi hökumətə qarşı etirazlara səbəb olub.