“Azərbaycanda xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır. Bunlar dedi-qodudan başqa bir şey deyil”.
Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov bildirib ki, Azərbaycan Vəkillər Kollegiyasının vəkillərin fəaliyyətinə xitam vermək səlahiyyəti yoxdur: “Kollegiya yalnız vəkilin fəaliyyətini dayandıra bilər. Vəkillər Kollegiyası vəkilin fəaliyyətini dayandıra bilər və vəkilin fəaliyyətinə xitam verilməsilə bağlı məhkəmədə iddia qaldıra bilər. Son sözü və son qərarı məhkəmə qəbul edə bilər”.
O əlavə edib ki, bu il 4 vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan Vəkillər Kollegiyası qərar qəbul edib: “Onlardan 3 nəfər üzvlük haqqını ödəmədiyi üçün fəaliyyəti dayandırılıb. Bu da 6 aydan artıq üzvlük haqqını ödəməyən vəkillərə aiddir. 1 nəfər də kobud qanun pozuntularına yol verdiyinə və davranış qaydalarını pozduğuna görə barəsində belə bir qərar qəbul olunub”.
Emin Səfərov