Orucu pozan əsas amilləri çoxlarımız bilirik. Amma bəzilərimiz hərdən nədəsə şübhə içində olur, olar-olmazları ayırd edə bilmirik.
Yenicag.az orucu pozan ən əsas amilləri təqdim edir. Bunlar aşağıdakılardır:
– yemək və içmək
– cinsi əlaqə
– bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər
– özünü qusdurmaq
– heyz və nifas qanı
– şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək
Qeyd etmək lazımdır ki, bunlar orucu yalnız 3 şərtlə pozur. Şərtlər isə aşağıdakılardır:
1. Oruc tutan şəxs onu pozan şeylər barədə məlumatlı olmalıdır;
2. Oruc tutduğu yadında olmalıdır;
3. O, orucu qəsdən pozmalıdır.
Bundan belə nəticə çıxır ki, elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu düzgün sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər (s.a.s.) demişdir:
“Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır”.
Yuxarıda qeyd olunanlardan (cinsi əlaqə müstəsna olmaqla) hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir.
Öpüşmək orucu pozmur. Aişə rəvayət edir ki, Peyğəmbər (s.a.s.) oruclu ola-ola zövcələrini öpərdi.
Dişlərin dibindən, burundan, boğazdan çıxan qanı udmaq orucu pozmur. Bunu məcburi halda qalıb və yaxud bilməyərəkdən etdikdə pozulmur, amma bunu bilərəkdən etmək orucu pozur. Eləcə də tüpürcəyi, bəlğəmi və ya burundan axan seliyi udmaq orucu pozmur.
Analiz üçün qan vermək orucu pozmur.
Ağrıkəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur, amma gərək iynə, bədəni qüvvətləndirən inyeksiya olmasın.
Diş çəkdirmək, onu müalicə etmək, diş ətinə iynə vurmaq orucu pozmur.
Diş məcunundan (udmamaq şərti ilə) istifadə etmək olar.
Oruclu ola-ola ətir vurmaq və ya onu iyləmək olar.
Oruclu ikən sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə etmək olar.
Oruclu ola-ola çimmək olar.
Yeməyin dadına baxıb, sonra onu tüpürmək orucu pozmur.
Saç qırxdırmaq, dırnaq tutmaq və bədəndəki tükləri təmizləmək orucu pozmur.