“Bunu başqa aktrisa etsəydi, rəhbərlik onu sərt şəkildə cəzalandırardı” – Mərhum Xalq artisti barədə MARAQLI FAKT
“Onun səhnədə etdiyi impravizələr məni gənc aktyor olaraq heyrətləndirirdi. Mən bunu yalnız Allah vergisi kimi qəbul edirdim…”
Bunu bu gün anım günü olan mərhum xalq artisti Gülşən Qurbanova ilə bağlı xatirələrini bölüşərkən Əməkdar artist Elnur Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
Aktyor Gülşən Qurbanovaya olan hədsiz tamaşaçı sevgisindən danışaraq, səhnədə yaşanılan maraqlı hadisələri dilə gətirib:
“Xoşbəxt aktyoram ki, teatra yeni gəldiyim dönəmlərdə Gülşən xanım kimi istedadlı bir aktrisa ilə eyni səhnəni bölüşmüşəm. Gülşən xanımla səhnəni bölüşmək həm rahat, həm də məsuliyyətli idi. Ona görə rahat idi ki, son dərəcə təbii və səmimi bir aktrisa idi. “Mənim ağ göyərçinim” tamaşasında onun oğlu obrazında çıxış edirdim. O qədər inandırıcı və səmimi oynayırdı ki, elə bilirdim Gülşən xanım həqiqətən anamdır. Ona görə məsuliyyətlidir ki, tamaşada vəziyyətə uyğun istənilən vaxt impravizə edərək aktyora replika ata bilərdi. Aktyor ona hazır olmalı idi. Bəzən də tamaşadan kənar onun işlətdiyi replikalar belə tamaşaçı tərəfindən rahatlıqla qəbul olunurdu. Hətta ürəkdən də güldürürdü. Yadımdadır, “Mənim ağ göyərçinim” tamaşasını təqdim edirdik. Tamaşa yazılan vaxt mobil telefonlar yox idi. Amma biz tamaşanı oynadığımız vaxt, 2000-ci illərin əvvəli artıq mobil telefonlar var idi. Tamaşanın aeraport səhnəsində məni Moskvaya yola salırlar. Gülşən xanım çantasını qoluna salıb mənimlə söhbətləşir. Telefonu açıq imiş. Qəfildən mobil telefonu zəng çaldı. Gülşən xanım tez çantadakı telefonunu söndürdü və dialoqunu davam etdirdi. İkinci dəfə zəng səsi daha ucadan gələndə Gülşən xanım cavab vermək məcburiyyətində qaldı. Tamaşaçılar qarşısında telefonu götürdü və rus dilində dedi ki, mən tamaşadayam, sonra zəng edərsən. Zal uğunub getdi gülməkdən və heç nə olmamış kimi səhnədəki dialoqlar davam etdi.
Bu hadisəni səhnədə başqa aktyor və aktrisa etsəydi, tamaşaçı sərt reaksiya verərdi ki, tamaşa zamanı bu, nə hərəkətdir deyilərdi. Eyni zamanda, teatr rəhbərliyi həmin aktyor, aktrisa barədə sərt ölçü götürərdi. Amma Gülşən xanım tamaşaçıya o qədər məhrəm idi ki, onun səhnədə bütün şıltaqlıqlarını, qanundankənar hərəkətini qəbul edirdi və buna hətta gülürdü. Bu, gənc aktrisa kimi məni heyrətləndirirdi. Digər aktrisalarda bunu görməmişdim. Onun tamaşaçıya belə məhrəm olması, bu qədər sevilməsi hissini başqalarında görmürdüm. Onun aktrisalığı bir Allah vergisi idi.
Onunla tərəf müqabili olmaq mənim üçün çox xoş idi, əfsus ki, yeni tamaşalarda onunla görüşə bilmədik. Bu gün Gülşən xanım üçün çox darıxırıq, onun səhnədə yeri həmişə görünəcək”.
Xatırladaq ki, Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirib, 56 yaşında dünyasını dəyişib.
Cəvahir