“Bunun adı məzələnməkdir” – Xalq artistindən SƏRT İRAD

“Bu gün kinonu əyləncəyə çeviriblər. Hesab edirlər ki, guya komediya filmləri çəkirlər…”

Bunu tanınmış aktrisa, Xalq artisti Xalidə Quliyeva yeni çəkilən komediya filmləri ilə bağlı fikirlərini Yenicag.az-la bölüşərkən deyib.

Dünya kinosu ilə müqayisə edən aktrisa Azərbaycanda çəkilən filmlərin karikaturadan o yana keçmədiyini təəssüf hissi ilə bildirib:

“Çaplinin filmlərində də də belədir, ümumilikdə, dünya kinosunda da görmüşük ki, komediya janrının əsas məqsədi gülmək, düşündürməkdir. Gülüb düşünməkdən sonra artıq seçim tamaşaçının öhdəsinə buraxılır. Yəni tamaşaçı üçün qoyulan bir “planka” var və o filmə baxan tamaşaçı özünü ona çatdırmağa çalışır. Amma bizdə bu nəinki yoxdur, ümumiyyətlə, heç yoxdur. Heç işartı da yoxdur ki, bəlkə, gələcəkdə ola bilər.

Bu gün kinonu əyləncəyə çeviriblər. Guya hesab edirlər ki, komediya filmləri çəkirlər. Dediyim kimi, gülüş həm düşündürməlidir, həm də əyləndirməlidir. Əgər düşündürmürsə, bu filmin bir məna yükü yoxdursa, sadəcə məzələnməkdir. Bu gün insanların problemləri çoxdur. Camaatın kefini açmaq və onların fikirlərini dağıtmaq da bir missiyadır. Yəqin, o filmləri çəkənlər də bu missiyanı üzərlərinə götürüblər. Amma biz sənət əsərindən danışırıqsa, o filmlər heç sənətə bir metr də yaxın gəlmir. Baxırsan komediya aktyorlarına, düşdükləri situasiya gülməli deyil, sadəcə onu şarj kimi oynayırlar. Karikatura, şarja daha çox önəm verirlər ki, camaat da gülsün. Bunun adı məzələnməkdir. Yəni bu gün çəkilən komik filmlərdə güldürmək və düşündürmək nəzərə alınmır. Film kimi qəbul etmirəm onları. Onlar film deyil. Kino ciddi sənətdir. Dünyada da belədir, bizdə də”.

Cəvahir