!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bunun üçün kifayət qədər gücüm var”

!Reklam – Yazi

beyimxanim-4Bəyimxanım Vəliyeva: “Fəxri adlar siyahısında öz adımı görəndə sevinc, həyəcan, xoşbəxtlik – bütün hisslərim bir-birinə qarışmışdı”

Sentyabrın 14-də Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi ilə bağlı sərəncam imzaladı. Bu sərəncamda öz peşəsinin öhdəsindən şərəf və ləyaqətlə gələn sənət adamları “Əməkdar İncəsənət Xadimi”, “Əməkdar Artist”, “Əməkdar müəllim”, “Əməkdar Mədəniyyət İşçisi” kimi adlarla təltif olundular.

“Əməkdar artist” adına layiq görülənlərdən biri də muğam aləminin sevilən ifaçısı, xanəndə Bəyimxanım Vəliyeva idi. Xanəndə üçün bu mövsüm ikiqat bayramdır desək, yəqin ki, yanılmarıq. Səbəb isə ifaçının bu mövsümdən etibarən həm də Azərbaycan Milli Konservatoriyasında müəllim kimi çalışacağıdır. Belə ki, Bəyimxanım Vəliyeva bu gündən etibarən pedaqoji fəaliyyətlə də məşğul olacaq.
“Kaspi”yə müsahibəsində xanəndə məsuliyyətinin ikiqat artdığını, bundan sonra mütəmadi olaraq yaradıcılığı ilə məşğul olacağını bildirdi.

– İlk olaraq “Əməkdar artist” adına layiq görüldüyünüz üçün sizi təbrik edirik. Fəxri ad almağınızdan doğan sevincinizə şərik olmaq istərdik…

– Çox sağ olun. Sözün düzü, gözləmirdim ki, dövlət başçısının bu dəfəki sərəncamında öz adıma rast gələrəm. Çox sevindirici haldır. Xəbəri eşitdikdə sevinc, həyəcan, xoşbəxtlik – bütün hisslərim bir-birinə qarışmışdı. Bu, sözlə ifadə edə bilməyəcəyim bir duyğudur. Sənətdə olan hər kəsə bu duyğunu dadmağı arzulayıram. Məni belə bir ada layiq gördükləri üçün ilk olaraq cənab prezidentimiz İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya, eləcə də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlığımı bildirirəm. Bu yöndə əməyi keçən bütün insanlara təşəkkürümü bildirirəm ki, bu siyahıya mənim də adımı salmağı unutmayıblar. Ümumiyyətlə, son illər dövlətimizin sənətkarlara verdiyi diqqət və qayğı göz önündədir. Nəinki sənətkarlara, milli musiqimizə, alətlərimizə, muğamımıza böyük diqqət və qayğı göstərilir. Azərbaycanda artıq muğama diqqət və qayğı dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və qayğısı ilə bu gün muğama xüsusi diqqət var. Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın milli dəyərlərinə, ənənələrinə sadiq qalaraq, əsasən də bizim klassik sıralarda sadalanan aşıq sənəti, muğam sənəti, folklor ənənələrinə xüsusi diqqət yetirirlər. Azərbaycan muğamı UNESCO-nun siyahısına daxil olunub. Avropanın mərkəzində bu cür işlər görmək, mədəniyyətimizi təbliğ etmək böyük bir uğurdur. Bu uğurda bizim də zərrə qədər əməyimiz varsa, nə xoş bizə. Mən də bundan sonrakı fəaliyyətimdə bacardığım qədər çalışacam ki, dövlətimin mənə göstərdiyi bu diqqəti, qayğını doğruldum, onun adını daima yüksəklərə qaldırım.

– “Əməkdar artist” adını aldıqdan sonra onun yükünü çəkmək də yəqin ki, asan olmayacaq.

– Təbii ki. Bu ad nə qədər sevindirici, qürurverici olsa da, bir o qədər də məsuliyyətli işdir. Fəxri ad insanın çiyinlərinə ikiqat yük qoyur. Əsas odur ki, sənə verilən bu adı doğrulda biləsən. Mən də bundan sonrakı sənət fəaliyyətimdə əlimdən gəldiyi qədər çalışacam ki, mənə göstərilən bu diqqəti, qayğını doğruldum. Bunun üçün kifayət qədər gücüm var.

– Bu ilki tədris ilindən etibarən Azərbaycan Milli Konservatoriyasında müəllim kimi çalışacaqsınız. Tələbələrinizə nəyi tədris edəcəksiniz?

– Müəllimlərimdən öyrəndiyim bilikləri tələbələrimə də öyrədəcəm. Belə ki, muğamın sirlərini, xırdalıqlarını onlarla bölüşəcəm. Muğamın incəliklərini onlara sevdirməyə çalışacam. Bacardığım qədər bütün biliklərimi onlarla paylaşacam. Onlar da bizdən sonrakı gələcək nəsillərə ötürəcəklər və beləliklə, muğam sənətimiz ölməz olacaq. Bunun üçün çalışmaq lazımdır ki, gənc nəslə hər şeyi doğru şəkildə, olduğu kimi çatdıraq.

– Tələbələrinizlə müəllim-tələbə münasibəti saxlayacaqsınız, yoxsa onlarla dost kimi olacaqsınız?

– Onlara bir sənət dostu kimi yanaşacam. Lazım gələndə tələbələrlə dost olmağı bacarmaq lazımdır. Tədris prosesi zamanı onlarla ümumi dil tapmağa çalışacam.

– Düşünürsünüzmü ki, gələcəkdə tələbələrinizlə birlikdə böyük bir kompozisiya təşkil edəsiniz?

– İsraildə festivalda olduğumuz 3 gün ərzində ustad dərslərimiz oldu. Orada 19 tələbəyə dərs keçdim. Dərslərin sonunda yekun konsert olmalı idi. Onlara iki Azərbaycan mahnısı öyrətdim. Əslində çox maraqlı kompozisiya alındı. Təbii ki, burada da tələbələrimlə birlikdə çalışdıqdan sonra nə zamansa hesabat xarakterli kompozisiya edərik. Hər şeyi zaman göstərəcək.

– Yaradıcılıqla yanaşı, bundan sonra pedaqoji fəaliyyətlə də məşğul olacaqsınız. Hələ üstəlik də, ailə xanımı olmaq çətin deyilmi?

– Hərəsinin ayrı-ayrı məsuliyyətləri var. Çalışacam ki, hamısını öz yönündə apara bilim. Əlimdən gəldiyi qədər üzərimə düşən hər bir işi yerinə yetirməyə çalışacam. İnanıram ki, hamısının öhdəsindən gələcəm.

– Övladlarınızın davamçınız olmasını istəyirsinizmi?

– Övladlarım istədikləri sənəti seçməkdə sərbəstdirlər. Heç vaxt seçimlərinə qarışmaram. İstəyirəm ki, incəsənət aləmindən xəbərdar olsunlar. Hobbi olaraq musiqi-rəqs duyumları formalaşsın. Ən azından, hansısa musiqini dinlədikdə yaxşı ilə pisi seçə bilsinlər. Əslində mən özüm də uşaqlıqdan hüquqşünas olmaq istəyirdim. Ancaq tale elə gətirdi ki, 3 yaşından, gözümü açandan özümü bu sənətdə gördüm. Özümü tam dərk etdiyim yaşlarımda artıq öz istiqamətimi tutmuşdum. O zaman istiqaməti dəyişmək artıq gec idi. Gələcəkdə isə övladlarımı hüquqşünas, həkim kimi görmək istəyirəm.

– Hər zaman ifa etdiyiniz əsərlərin sözləri dərin məna kəsb edir. Məhz bu səbəbdəndir ki, gözəl sözlərlə səsiniz həmahənglik təşkil edir və mahnılarınız birbaşa olaraq qəlblərə yol tapır. Hansısa bir əsəri ifa edərkən onun sözləri sizin üçün nə dərəcədə önəmlidir?

– Hər hansı bir mahnını ifa etməmişdən öncə onun sözlərinə diqqət edirəm. Mətndə məna, həmahənglik, insanlara örnək ola biləcək sözlər olmalıdır. Bu baxımdan, mənim üçün sözlərin mənası, insanlara ötürdüyü o mesaj çox önəmlidir. Bunun üçün də son zamanlar silsilə şəkildə gözəl şairəmiz Sona xanım Vəliyevanın sözlərinə daha çox üstünlük verirəm. Onun şeirləri mənim ruhuma yaxındır. Onunla sanki dünyaya baxışlarımız eynidir. Məhz bu səbəbdən Sona xanımın yaradıcılığına daha çox müraciət edirəm. Harada gözəl söz, mətn görürəmsə, onu ifa edirəm.

– Yaradıcılığınızda yeni layihələr gözlənilirmi?

– Bəli. Yeni mövsümdə gözəl layihələrimiz var. Ancaq bu barədə indidən açıqlama vermək istəmirəm.

– Ötən aylarda səsinizi İsrail musiqi festivalından eşitdik. Festival barədə təəssüratlarınızı eşitmək maraqlı olardı.

– Möhtəşəm bir festival idi. Bu festivala bir neçə ölkədən musiqiçilər də qoşulmuşdu. Belə ki, Amerikadan, Türkiyədən, Ərəbistandan, Çindən, Yaponiyadan və dünyanın müxtəlif ölkələrindən sənətçilər gəlmişdi. Orada bizim bir gündə iki saatlıq iki konsertimiz baş tutdu. 2008-ci ildə orada festivala qatılmışdım. Həmin vaxtdan səsimizi, muğamımızı bəyənmişdilər. Bu dəfə də festival keçirildikdə məni israrla ora dəvət etdilər. Bütün mahnılarda bizim ifamız oldu. Mahnıları sintez şəkildə ifa edirdik. Çox maraqlı bir proyekt idi. Festivalın video görüntülərini əldə etdikdən sonra tamaşaçılarla da bölüşəcəm.

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv