!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bununla xalqı aldatmaq olmaz” – Sabir Rüstəmxanlıdan “Eurovision” sülhü”nə SƏRT REAKSİYA

!Reklam – Yazi

“Ermənilər Azərbaycan musiqisi və mətbəxinin, azərbaycanlıların həyatındakı bir çox dəyərlərin təsiri altında olublar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İsraildə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində müharibə vəziyyətində olan Azərbaycanla Ermənistanın “qarşılıqlı etimadın gücləndirilməsi” məqsədilə bir-birilərinə səs verəcəkləri haqda xəbərə münasibət bildirən xalq yazıçısı Sabir Rüstəmxanlı deyib.

Ermənistan mediasında mayın 14-də İsrailin paytaxtı Tel-Əvivdə start götürəcək “Eurovision-2019” mahnı müsabiqəsi ilə bağlı kifayət qədər ciddi iddia irəli sürülüb.

İşğalçı ölkənin bəzi nəşrlərinin adlarını açıqlamadıqları erməni rəsmilərinə istinadən yayımladıqları məlumata əsasən, “Eurovision-2019” müsabiqəsində Ermənistan Azərbaycana bir neçə bal verə bilər.

Məlumatda qeyd olunur ki, nəzərdə tutulan bu “jest” Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşlərində razılaşdırılan “dinc humanitar proqramlar”a əsaslanır. Ermənilərin bu iddiasından belə qənaətə gəlmək olar ki, o halda Azərbaycan da yuxarıda vurğulanan razılaşmaya uyğun qaydada o mümkün “jest”ə qarşılıq verə bilər.

Əlbəttə, Ermənistan mediasında yayımlanan bu iddianı olduğu kimi qəbul etməyə dəyməz. Bununla belə, son həftələrdə “qarşılıqlı etimadın artırılması” istiqamətində aparılan söhbətlər deyilən məsələyə diqqətlə yanaşmaq zərurətini yaradır.

Mövzu barəsində fikrini öyrəndiyimiz xalq yazıçısı Sabir Rüstəmxanlının qəti mövqeyi bundan ibarətdir ki, Azərbaycanın işğal altında olan torpaqları boşaldılmayana qədər barışıqdan söhbət gedə bilməz:
“Hesab edirəm ki, belə oyunbazlıqlara ehtiyac yoxdur. Torpaqlarımız qaytarılmayana və Azərbaycanın haqlı tələbləri yerinə yetirilməyənə qədər barışıqdan, xalqları bir-birinə yaxınlaşdırmaqdan söhbət gedə bilməz.

Bəli, Qarabağda əvvəllər erməni ayağı dəyməyən rayonlarımız tam boşaldıldıqdan və Dağlıq Qarabağın statusu dəqiqləşəndən sonra oradakı ermənilər bizim vətəndaşlarımız olaraq, orada qalacaqlar. O zaman müəyyən addımlar atıla bilər.

Qeyd edim ki, Rusiya Cənubi Qafqaza gələndən sonra aralarında münaqişələr yaransa da, tarixən azərbaycanlılarla ermənilər arasında böyük düşmənçilik olmayıb. Bu xalqların həyat tərzi və mədəniyyətləri arasında yaxınlıq olub. Əslində, ikinci elə bir xristian xalqı yoxdur ki, biz onlarla ermənilər qədər yaxın olaq.

Ermənilər Azərbaycan musiqisi və mətbəxini, azərbaycanlıların həyatında olan bir çox dəyərləri qəbul ediblər, öyrəniblər, onların təsiri altında olublar. Bunu heç kəs inkar edə bilməz. İndi meydanı boş görüb, danışmaqlarına baxmayaraq, ermənilərin öz adlarına çıxdıqları dəyərlərin hamısı azərbaycanlılardan götürülüb.

Belə müsabiqələrdə səs verməyi xalqın öhdəsinə buraxsalar, ola bilsin ermənilər Azərbaycan musiqisinə, bizimkilər də onların musiqisinə yetərincə səs verər. Ancaq bunu siyasi şouya çevirmək olmaz, bununla xalqların barışığının aşılanması və müharibənin yaralarının unudulması bir xülyadır. Bununla xalqı aldatmaq olmaz”.

A.Zeynalov

www.yenicag.az

3189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv