Burada nadir xəstəlikdən əziyyət çəkən məcburi köçkün yaşayır – ŞİKAYƏT/VİDEO

1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüş Həsənova Elza İsgəndər qızı mənzil təminatı prosesindən narazıdır.

Yaşayış şəraitinin ağırlığı ucbatından iki nəvəsinin xəstə düşdüyünü deyən Elza xanım Qaynarinfo.az-a müraciətində bildirir ki, köçürülmə ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb:

“Köçkün düşdükdən sonra gəlib Xırdalan şəhəri 28-ci məhəllə, 22-ci binanın zirzəmisində məskunlaşmışıq. İki oğlum və onların ailəsi ilə birgə 3 otaqda yaşayırıq. Təbii ki, əgər o tikiliyə otaq demək mümkündürsə. Yağan yağışın hamısı zirzəmidə olur. Nəmişlik ucbatından canımız xəstəlik tapıb. Gedirik Abşeron rayon İcra Hakimiyyətinə, ordan deyirlər “Qaçqınkom”a (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi-red.) gedin. Ordan da əvvəlki rəhbərliyin vaxtında bizdən pul istəyirdilər, vermədik deyə köçürülmədik. Yeni rəhbərlik gələndə ümidimiz artdı, dedik dərdimizi deyərik nəzərə alarlar. Komitənin sədri Rövşən Rzayevin qəbulunda oldum, diqqətinə çatdırdım ki, iki nəvəm ağır xəstədir, şəraitim çox pisdir. Dinlədi, müraciətimə baxılacağına söz verdi, sonra da mənə cavab göndərdi ki, köçürülmə ünvanlar üzrə aparılır, sizin ünvanınız hələ siyahıda yoxdur.

Bizə deyirlər ki, gözləyin, Sumqayıtda tikilən bina başa çatsın sonra baxarıq. Bu, nə məntiqdir? Biri hansısa ünvanda sağlam yaşaya-yaşaya köçürülür, mən zirzəmidə iki xəstə uşaqla qalmalıyam? Mənim nəvəmin biri dünyada nadir xəstəlik olan niman-pik xəstəliyindən əziyyət çəkir, 2011-ci ildə əməliyyat edilib dalağı götürülüb, qaraciyərində böyümə gedir. Biri də ağır revmatizm xəstəsidir, revmatizmdən ürəyinin mitral qapağında sallanma yaranıb. Necə ola bilər ki, iki yeniyetmənin həyatı təhlükə altında olsun, amma onlara hansısa qaydalara uymaq məsləhət görülsün? Mən onsuz da müharibədə çox yaxınlarımı, əzizlərimi itirmişəm, indi də bu şəraitsizlikdə nəvələrimi itirmək təhlükəsindəyəm. Xahiş edirəm, ölkə rəhbərliyi bu məsələni nəzarətə götürsün, bizim ailəmiz xüsusi hal olaraq mənzillə təmin edilsin.

Oğlum, həyat yoldaşı, iki xəstə uşağı və mən uçuq-sökük otaqda məskunlaşmışıq. Komitəyə dəfələrlə müraciət etsək də, bir dəfə adam göndərib maraqlanmayıblar şəraitimizlə. Yağan yağışın hamısı məskunlaşdığımız tikilidədir. Sizə video da təqdim edirəm, yaşayışımızı özünüz görün. Elə deyirlər ünvanlar üzrə aparılır köçürülmə, halbuki istisna hallar olur, biz mediadan oxuyuruq ki, filan ailəyə ev verildi, filankəsə ev verildi şəraiti ağır olduğu üçün. Mənim şəraitimin ağırlığı iki nəvəmin həyatına təhlükə yaradacaq səviyyədədir, amma müraciətlərimə reaksiya verilmir. Mən Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya da müraciət ünvanlamışam. Heç olmasa Sumqayıtdakı bina hazır olana qədər bizim kirayəyə çıxmağımıza yardım edilsin. Bu şəraitdə sağlam adam xəstəlik tapar, nəinki xəstə uşaqlar. Mənim nəvələrimin həyatı təhlükədədir!”

Şikayətçi mənzil şəraitini və nəvəsinin xəstəlik tarixçəsini əks etdirən video və fotoları da redaksiyamıza təqdim edib.