Buraxılış imtahanları YAXINLAŞIR: “Keçən ilə nisbətən asan olması ehtimalı çox azdır”

“Hər il buraxılış imtahanlarının təxminən eyni vaxtda təyin olunduğu nəzərə alsaq, çox da uzun bir vaxt qalmayıb. Təbii ki, digər illərə baxdıqda, 2024-cü ildə keçirilən buraxılış imtahanı ən rahat düşmüş bir imtahan modeli kimi yadda qaldı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə keçiriləcək buraxılış imtahanı 2024-cü ilə nisbətən asan olması ehtimalı çox azdır:

“Belə ki, hər il Azərbaycanda kursların, repetitorluq fəaliyyətinin getdikcə genişlənməsi, bundan əlavə, abituriyentlər arasında rəqabətin güclü olması bilikli şagirdlərin çoxluğundan da xəbər verir. Təbii ki, belə olduğu halda buraxılış imtahanının asan düşməsi ehtimalı çox azdır”.

Təhsil eksperti Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarla bağlı olan sürprizlərinin ehtimalını da çox az hesab edir:

“Artıq Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış və qəbul imtahanlarına düşəcək mövzuların siyahısını açıqlayıb. Məlum məsələdir ki, düşəcək suallar təqdim edilən mövzulardan kənar olmayacaq. Lakin sualların düşmə tiplərində yeni sürprizlər ola bilər. Yəni verilən mövzuların fərqli tiplərdə işlənmə ehtimalı da var. Nəticə olaraq isə təəccübləndirici bir yenilik gözlənilmir”.

Mayıl Soltanov