SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın sabahadək söndürüləcək.
Bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov faciə ilə bağlı təşkil olunan operativ brifinqdə bildirib.
Yanğın sabahadək söndürüləcək
“Saat 17:00-a olan məlumata görə, bütün cəhdlərə baxmayaraq, itkin düşən 29 nəfəri tapmaq mümkün olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin və “Gənclik” İdarəsinin gəmiləri və vertolyotları axtarışları davam etdirir”, – deyə o bildirib.
Baş mühəndis bildirib ki, platformada yanğının söndürülməsi üçün əlavə qüvvələr cəlb olunub. “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmi sahəyə gətirilib. “Gəminin üzərinə əlavə texnika qurulub. Artıq mütəxəssislərimiz özülün üzərinə qalxa bilib və hadisəni qiymətləndirirlər. Bundan başqa, müvafiq iş planı hazırlanıb. Texnika yüksək təzyiqli su ilə təmin olunur. Bu gecə və ya sabaha qədər yanğını söndürmək mümkün olacaq”, – deyə o qeyd edib(APA)