“Bütün günü Əjdər Olun yanında hərlənirdilər, indi susurlar” — Əməkdar artistdən şairin əfvi üçün Prezidentə MÜRACİƏT
“Ramazan ayında, 19 apreldə mənim ən sevincli günlərimdən biri oldu. Qəfildən xəbər tutdum ki, Azərbaycanın Xalq yazıçısı Anar müəllim Rzayev dəyərli şairimiz Əjdər Olun əfv olunması üçün Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevə müraciət edib. İnanın ki, sevincimin həddi-hüdudu olmadı. Çünki Əjdər Ol tutulandan bəri mənim gecəm-gündüzüm yoxdur. Bunu bütün ictimaiyyət bilir.
Əjdər müəllim saxlanılanda ilk müraciət edənlərdən biri mən və Musa Yaqub olub. O vaxtı Əjdər müəllim saxlanılandan 10 gün sonra birbaşa mən “525-ci qəzet” vasitəsilə cənab Prezidentə müraciət etdim. Xahiş etdim ki, cənab Prezident sizin mərhəmətinizə inanıram, istintaq başlayana qədər Əjdər Ol ev dustaqlığına buraxılsın, onun orada olmağını istəmirəm”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Əməkdar artist Ağalar Bayramov deyib.
O bildirib ki, Əjdər Ol başdan-ayağa vətənpər oğuldur, həmişə dövlətin yanında olub:
“Əjdər müəllimin bəlkə də o qədər təbliğatı olmayıb, amma onu tanıyanlar yaxşı bilir ki, Əjdər Ol sözün ətəyindən tutub qaldıran yazardır, şairdir. Onun hər bir misrasında böyük dünya var. Vətənpərliklə, məhəbbətlə, insanlıqla, sevgiylə bağlı onun dram əsərləri var, onun çox duzlu-məzəli hekayələri var. Onun Ulu Öndərə həsr etdiyi kitabının təqdimatında mən də iştirak etmişəm. Ulu Öndər Heydər Əliyevlə bağlı “Yumorlar” kitabı buraxılmışdı. “Natavan” klubunda onun təqdimat mərasimi oldu. Əjdər Ol çox hazırlaşırdı ki, sonuncu yazdığı çox böyük romanı olan “Lo” nun təqdimatı olsun. Amma əfsuslar ki, təqdimatını edə bilmədi.
Mən demirəm Əjdər Olun səhvi olmayıb, həbs olunubsa, demək səhvləri var. Amma Əjdər müəllim etiraf etməyi bacaran oğuldur, kiməsə görə nəsə olur, bəzən təsadüf nəticəsində də belə hallar baş verir. Biri var günah, biri də var xəta, bunlar başqa-başqa əməllərdir.
Rəhmətlik Qabil deyirdi ki, “xəta heç, günahdan özünü qoru”. Əjdər Ol da nə olubsa, onu böyük məsuliyyətlə dərk edir. Bəlkə də Əjdər müəllim o məhbəsdə roman da yazıb. O dəyərli qələm sahibidir, yəni ondan ötrü şair şişə taxılmaz.
İnanıram ki, Ulu Öndərin 100 illiyi ilə bağlı Əfv Sərancamında Əjdər Olun da adı olacaq. Cənab Prezident İlham Əliyevin mərhəmətinə, onun xalqımıza olan məhəbbətinə, sevgisinə qətiyyən şübhəm yoxdur, bütün varlığım qədər Prezidentimizə inanıram”.
Ağalar Bayramov qeyd edib ki, mayın 10- da, saat 12.00-da Pirallahıda, axşam saat 19.00-da isə Suraxanı rayonunda “Atəşgah” məbədində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək:
“Həmin tədbirlərdə Əjdər Olun zamanında Ulu Öndərə həsr etdiyi “Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!” adlı şeirini səsləndirəcəm. Bunları deməkdə məqsədim ondan ibarətdir ki, Əjdər Ol vətəninin dəli Məcnunudur. Əjdər Ol hamının əlindən tutubdur. Dosta sədaqətiylə, etibarıyla, düz sözüylə, kişiliyilə ləyaqətiylə seçilib. Əjdər Ol heç zaman sözünə xilaf çıxmayıb. Dosta da, qardaşa da, qohuma da verdiyi sözünə həmişə əməl edib. Əjdər Olun orada olması, bağlı qapılar arxasında qalması mənə çox ağır gəlir.
Mən buradan Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevə və onun xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yalvarıram, xahiş edirəm ki, Əjdər Olu əfv etsinlər. Onun azadlığa çıxması milyonlarla oxucunu, insanı, qələm sahiblərini, dostları sevindirər. Mən bütün varlığımla inanıram ki, Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyev mütləq səsimizə səs verəcək”.
Əməkdar artist deyib ki, Əjdər Ol kimi yaradıcı insana həbsxana yaraşmır:
“Əjdər Ol içəridə qalmalı oğlan deyil. Xalqına, millətinə, dövlətinə layiqli oğuldur. Əjdərin hörmət etdiyi, əli üstündə olmuş insanlar olub, bütün günü Əjdər Olun yanında hərlənirdilər, amma indi onlar susub durublar. Adlarını da ziyalı qoyublar, sanki, Əjdər Olun orada qalmasına sevinirlər.
Çox təəssüf edirəm ki, Əjdər Olun həmişə əli üstündə olan dostlarının bəziləri, bəzi qələm sahibləri ancaq seyr etməklə məşğuldur. Dost yaman gündə sınanar.
Bir müdrikin yaxşı sözü var: “dar gündə dostun qapısını aç, qapı açılmasa da gözün açılacaq…”. Bu gün mənə ən çox təsir edən də bəzi dostların susub dayanmasıdır. Ancaq gözləyirlər ki, başqası danışsın, başqası yazsın. Həmin insanların kimliyi hamıya yaxşı bəllidir.
Allah Əjdər Olun tezliklə qapısını açsın. O qapının açılması, o Əfv Fərmanı ancaq möhtərəm cənab Prezidentimiz İlham Əliyevin əlindədir. Mən o günü həsrətlə gözləyirəm”.