Bütün izlər Xədicəyə aparır – Elşən Musayev yazır

xeccceSiyasi müxalifətlə bağlı illərdir çözə bilmədiyim son dərəcə kuryoz bir məqam var: Onlara bu günə qədər ən çox yaxşılığı kim edibsə, ən çətin anda onlara kim üz çevirməyibsə ilk qaraladıqları da məhz həmin adam(lar) olur.
Məsələn, Xədicə İsmayıl haqqında 6 aylıq araşdırmadan sonra geniş bir müəllif yazısı yazan, onu faktlarla ifşa edən – mən.
Xədicənin həbsini də, azadlığını da canlı yayımla işıqlandıran, onun haqqında bütün informasiyaları cümlə-cümlə dərc edən, yayımlayan (bu sayta, qəzetə qarşı sərgilədiyi qərəzli mövqeyə rəğmən) isə – “Yeni Müsavat”

Mənə güldən ağır söz deyən yoxdu. Hətta yolda rastlaşsa bəlkə xoş-beş edər, kefimi, əhvalımı xəbər alar.

Rauf Arifoglu isə hədəfdədir və sanki Xədicənin hazırki vəziyyətinin, durumunun tək səbəbkarıdır….

Gerçəkdən qəribə, məntiqin anasının ağlar qaldığı durumdur: Adama illər öncə o boyda sual vermişəm, bu qulaqdan alib digəri ilə havaya üfürüb. Amma özü hər fürsətdə sual verib, ittiham eləməyə birilərini tapır. Rahatca və…sırf gündəmdə qalmaq üçün.

Əlqərəz. Gec olmadan cavabsız suallarımı bir də verim. Köhnə yazımı yenidən paylaşım. Bəlkə Xədicədən xəbər – ətər çıxdı….

***

Azərbaycançılıq, millətçilik, dövlətçilik anlayışının hər kəs üçün bir dərk, bir əxz tərəfi var. Ya da belə deyək, insan beyninin ortaya qoyduğu təxəyyül forması, hədəf meyarı zamana adekvat olaraq fərqli üsul-formalara söykənir, fərqli mənbələrdən qidalanır.

Ələlxüsus da siyasi kontekstdə!

Daima ağ-qara olaraq seyr etdiyimiz dünyanın rəngli formatı əslində bizim heç bir zaman vara bilməyəcəyimiz nöqtədədir – Bu dəqiqdir!

Və ya, ən azından dünyada baş verən proseslər, postsovet məkanında cövlan edən hakimiyyət dəyişiklikləri, narıncı – ardınca isə ərəb inqilabları, eyni zamanda “Wikileaks”ın ortaya qoyduğu dünya siyasətinin sabotaj elementləri bütünlükdə bir həqiqəti özündə ehtiva edirdi:

Hər şey göründüyü və siz düşündüyüz kimi deyil. Hər prosesin kökündə illərin koordinasiyası var, hər nəticənin mənbəyində ağlasığmaz alt mətləblər var.

Ən nəhayət bütün bu sadalananlar vətəndaş və dövlət haqqlarının təminatına, dünyanın bütöv, sivil, ideal şəkildə təşəkkül tapmasına deyil, regiondakı maraqlara və daha çox təzyiq edə bilmə, daha çox “yükləmə”, daha çox mənimsəmə xəttinə yönəlib.

Narıncı (rəngli) inqilabların dalğası 2003-cü ildə məhz Azərbaycanda durdurulub. Bunu beynəlxalq ekspertlər də etiraf edir. Məlum fakt isə həm də həmin texnologiyanın Bibliyası hesab edilən Çin Şarpın “sakit inqilab” konsepsiyasının sona çatması, “Soros” fondunun əsl mahiyyətinin isə üzə çıxması demək idi: Siyasi texnologiyanın əks effekti, qarşı tərəfin (dövlətin) öncədən hesablana bilinməyən ayıq-sayıqlığı bütün planların fiaskosu ilə nəticələnmişdi.

Belə olan halda isə yeni mərhələyə keçid almağın, eyni zamanda paralel olaraq “B” planını dövriyyəyə salmağın labüdlüyü özünü bir sıra komponentlərdə ifadə etmiş oldu:

1) Soros Fondunun Azərbaycandakı təşkilatı bağlanır. Xüsusi qeyd: açıqlamada ən diqqət çəkən məqam fondun qrantlarının bundan sonra ABŞ-dakı təşkilatdan ayrılması (?!) idi.

2) Və… paralel olaraq Xədicə İsmayılova “Azadlıq” radiosu rəhbərliyindən istefa verir. Səbəb kimi isə adı çəkilən xanımın artıq inzibati işlə deyil, müstəqil araşdırmaçılıqla məşğul olmaq arzusi göstərilir.

Niyə Xədicə?! Və ya bu siyasi paralellər özündə hansı reallıqları ehtiva edir?…

Əvvəla qeyd edim ki, müxalifətçilərə və 3-cü sektora qrantlar ayrılması taktikasının əvəzlənməsinin lokal və qlobal səbəbləri vardır:

1) Vətəndaş cəmiyyəti dünya praktikasına görə siyasətlə məşğul ola bilməz.

2) QHT üzvləri öz rəhbərlərindən asılı vəziyyətdə olur və sərbəstlik məhdudlaşır.

3) Azərbaycanda müxalifətin potensialının tükənməsi ona hər hansı ümid yeri qoymur, eyni zamanda onlara ayrılan qrant özünü doğrultmur.

4) Maliyyəni müasir şəbəkə texnologiyaları ilə işləyə bilən gənclərə ayırmaqla daha böyük nəticələrə (Facebook, Tvitter inqilabı) nail olmaq mümkündür.

5) Siyasi iqtidara qarşı kompromatlar sosial partlayışlara mühüm təkan verə bilər.

6) Bu kompromatların hazırlanması və cəmiyyətə fərqli aspektdə sırınması “araşdırmaçı jurnalist” adı altında həyata keçirilir.

Qəribədir deyilmi?! Ən azından son zamanlar Azərbaycanda baş verən proseslərin (İsmayıllıda günün gec saatı olmasına rəğmən anidən alovlanan kütləvi qarşıdurma, “Binə” ticarət mərkəzində keçirilən etiraz aksiyası, mətbuata – artan dinamika üzrə ötürülən saxta iğtişaş məlumatları və s.) fonunda çox qəribədir həm də! Amma həmin qəribəliyin xarakterində bir də məntiq bağlılığı var.

Diqqət edin: Yuxarıda qeyd olunan komponentlər indi sadaladığım hadisələrin gedişatında sanki bir estafet xarakterini daşıyır. Məmur özbaşnalığı ilə bağlı dəqiqləşdirilməmiş kompromat planlı şəkildə ictimai rəyə ötürülür (bu arada paralel olaraq iğtişaşın həyata keçirilməsi planlanan bölgə üzrə “araşdırmaçı jurnalistika”nın gözəgörünməz nümayəndələri fərqli və fərdi şəkildə iş aparır).

Həmin məmurun özünün və ya övladının cəmiyyətə qarşı aqressiv tablosu çizilir (dövlət səlahiyyətlisinin, ya da onun ailə üzvlərinin belə bir məqamda ən kiçik səhvi ciddi qığılcım yaradır və qarşı tərəfin adekvat olmayan reaksiyası ilə müşahidə olunur).

Və.. prosesin ümumi gedişatı “0” nöqtəsindən etibarən sosial şəbəkələrə adlayır, vəziyyətin mürəkkəbliyi haqqda cəmiyyətə mesaj ötürülür, eyni zamanda maksimum şəkildə kütləviliyin təmin olması üçün yeni rıçaqlar və resurslar hərəkətə gətirilir.

Sızan, yayımlanan, müzakirəyə çıxarılan məlumatların cəmiyyətə təqdim olunan ən səhih mənbəyi, istinad nöqtəsi olaraq isə ARAŞDIRMAÇI JURNALİSTİKA… göstərilir.

Xüsusi qeyd: 2005-ci il, parlament seçkiləri öncəsi Azərbaycanda düzənlənən siyasi çevriliş planının tərkib hissəsi də bənzər siyasi texnologiyanın bir başqa variantı idi: Bakıətrafı zonalarda seçkiyə bir il qala vətəndaşlarla iş aparılmış, bölgədə nüfuzu olan şəxslər sentimental siyasi xətt üzrə əhali ilə danışıqlara cəlb edilmiş, bütünlükdə rəhbərlik və paralel olaraq lokal səviyyədə məmur elitasının gözdən salınması istiqamətində xüsusi tərtibatlı qrafik üzrə fəaliyyət planı həyata keçirilmişdi.

Sadəcə həmin dönəmdə proseslərin episentrində alov və təkan rolunu oynamalı olan “araşdırmaçı jurnalistika”nın, eyni zamanda heç bir aktivlik göstəricisi olmayan “sosial şəbəkələr”ın hələ yeni-yeni təşəkkül tapması siyasi gedişatda xüsusi nəticələrə varmamağın əsas səbəblərindən biri kimi önə çəkildi.

Və növbəti haşiyəni çıxaraq vurğulayım ki, 2007-ci ildən etibarən Azərbaycanın ictimai həyatına siraət etmiş həmin “araşdırmaçı jurnalistika”nın bütün təməl prinsipləri ilk növbədə neqativ informasiya məhsullarının mütəşəkkil şəkildə təbliğ olunmasına yönəlmişdi.

Digər texnologiyalarla müqayisədə nəzərəçarpan ən böyük fərq isə “gözəgörünməzlik” fəlsəfəsini “peşəkarcasına” diqtə etməkdə, eyni zamanda bütün hadisələrin yaradıcısi ikən sadəcə icraçı kimi görünməkdə idi! Həmin fəaliyyətin ən “parlaq” nümunələrindən birini diqqətinizə təqdim edirəm:

Dövlət başçısı ittiham olunur… Fəqət kim tərəfindən?!

Keçən ilin son günündə “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” (bundan sonra mətndə” OCCPR” kimi oxunacaq) adlı təşkilat bütün çərçivələri aşaraq hazırladığı hesabatda Azərbaycanın dövlət başçısını ittiham edir.

Hesabatda açıq iftiralar yer alır və ilk baxışdan belə, bir-biri ilə ziddiyyət təşkil edən rabitəsiz fikirlər ictimai rəyə sızdırılmağa başlayır…

Amma niyə məhz OCCRP? Həm də durub-dururkən?!

Araşdırmalarıma da məhz bu nöqtədən başlayıram…
Əvvəla, internet səhifəsində təşkilatın özü haqqında yazdığı məlumat belədir: ”2007-ci ildə yaranan müstəqil araşdırma konsorsiumu.

(Yerləşmə məkanı olaraq isə Sarayevo və Buxarest göstərilib. 5 postsovet ölkəsi: Rusiya, Ukrayna, Latviya, Ermənistan, Gürcüstan ilə isə tərəfdaşlıq-təmsilçilik müqaviləsi var) Diqqət edin, Azərbaycan bu təmsilçilikdə yer almır.
Ən vacib məqam isə təşkilatın qəribə təqdimatıdır: “Təşkilat jurnalistlər üçün qiymətli mənbə ola biləcək şirkət yazışmalarının, bank-maliyyə əməliyyatlarının, istintaq protokollarının, məhkəmə stenoqramlarının (buna kompromat deyək) “online” resursunu hazırlayır və təqdim edir.

Digər bir önəmli məqam: İnternet səhifəsində təşkilat haqqında verilən ən sonuncu məlumat da kuryoz xarakterdədir: “OCCRP – Merilenddə yerləşən xeyriyyəçi “Jurnalistikanın İnkişafı Şəbəkəsi”nin qeydyyatdan keçmiş rəsmi adıdır. Paradoks da elə burdan başlayır və araşdırmamın növbəti mərhələsinə adlayıram:

Deyəsən nəticə var: Ana təşkilat kimi göstərilən “Jurnalistikanın İnkişafı Şəbəkəsi” – adında qurum ümumiyyətlə mövcud deyil!

Merilenddə sadəcə OCCRP-nin redaktoru kimi adıkeçən Endryu Sallivan yaşayır. Eyni zamanda təşkilatın Vaşinqtonda olmasına və biznes konsultasiya ilə məşğul olmasına dair məlumatı tapsam da, onun saytına türklər demiş heç cür “ulaşa” bilmirəm.

Qısaca, yoxdur belə bir sayt!. Və davam edirəm…

Nəhayət ,“Jurnalistikanın İnkişafı Şəbəkəsi”nin sorağı Sarayevodan gəlir. Hərçənd heç burada da “ana şirkət” nağılının hansı səbəbdən uydurulması başa düşülmür.

Elektron ensiklopediyada qeyd edilir ki, OCCRP-nin ana təşkilatı bu quruma üzv ölkələrlə əlaqələrin qurulması səlahiyyətlərini həyata keçirir. Vəssalam!

Təbii, ilk baxışda jurnalistika sahəsində ən tanınmış universitetin olduğu Merlienddə belə bir təşkilatın yaranmasını ehtimal etmək olardı. Amma paralel olaraq bu sual da meydana çıxdı ki, bəs niyə təşkilat haqqında məlumatlar konfidensial şəkildə saxlanılır? Səbəb?!

Üzdə deyil onlar… Çuval içindəymiş demə…

Növbəti mərhələdə qarşılaşdığım məqamlar isə öncəkilərdən heç də daha az heyrət doğuran deyildi:

Təşkilatın maliyyəçiləri arasında Soros, ABŞ Milli Demokratiya Fondları və USAİD-lə bərabər, həm də Amerikanın KİV-lərə Beynəlxalq Dəstək Mərkəzinin (CİMA, USA) NƏZDİNDƏKİ “Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsimu (İCİJ) və SCOOP təşkilatı da varmış. Və daha bir araşdırma ortaya bir başqa faktı çıxarır: Demə, hər iki qurum eyni tarixdə yaranıb!

Və…elə ki, qurumun “Bizim müxbirlər” bölməsində (http://www.icij.org/journalists) dünya xəritəsi bölümünü tapıb Azərbaycan nöqtəsini “tıklayırsan”, anındaca Xədicə İsmayılovanın adı gəlir və onun haqqında ilk olaraq dövlət başçımıza həqarət yağdıran biri kimi əhatəli məlumat verilir (http://www.icij.org/journalists/ khadija- ismayilova). Burada heyrət doğuran məqam bilirsinizmi nədir?

Ərazi baxımdan çox böyük dövlət olan Rusiyadan bu qurumda cəmi 3 nəfər, Türkiyə kimi dövlətdən cəmi 1 nəfər, Ermənistan və Gürcüstandan isə ümumiyyətlə heç kim yoxdur. Elə sadəcə bu fakt yetərlidir ki, Azərbaycan Prezidenti ilə bağlı bu iftira dolu hesabatın hansı mənbədən qidalandığını təyin və təxmin edək.

Ayrıca, bu azmış kimi təşkilatın üzvləri sırasında yenə də Cənubi Qafqaz regionundan Azərbaycan qeydiyyatı olan QHT-nin adı keçir. Bu “Qafqaz Media Tədqiqatları Mərkəzi”dir. (QMTM-nun direktoru Anar Orucovdur) QMTM-nın saytında deyilir ki, Beynəlxalq Jurnalistlər Mərkəzi ilə sıx əməkdaşlıq edir.

ABŞ Dövlət Departamentinin dəstəyi ilə “Dərinləşdirilmiş Jurnalistika Təlimi” adlı layihəni icra edib. Anar Orucov eyni zamanda Azərbaycanda ilk internet televiziyası olan, eyni zamanda neqativ məzmunlu verilişləri ilə diqqət çəkən “KANAL 13”ün yaradıcısı və rəhbəridir!
Və.. ”Qlobal Araşdırmaçı Jurnalistlər Şəbəkəsi” öz saytında daha bir önəmli ipucu verir:

“Biz 2006-cı ildən etibarən Şərqi Avropa və Qafqazda vahid komanda kimi işləməyə başlamışıq. (http://www.icij.org/ bloq/. Bu fakt isə belə bir qənaətin hasil olmasını diqtə edir ki, yuxarıda haqqında danışılan “vahid komanda” ideyası – Azərbaycana coğrafi məsafədən daha yaxın olmaq üçün 2007-ci ildə bədnam “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları layihəsi” adlı təşkiların yaradılmasını şərtləndirən əsas səbəblərdən biri olub!

Nəhayət…OCCRP-nin qaranlıqda qalma cəhdində bulunan digər dostu: SCOOP –“Jurnalist Araşdırmalarına Dəstək Fondu”! Bu təşkilatı isə Hollandiyanın Araşdırmaçı Jurnalistlər Assosiasiyası təsis edib. Onun Qafqaz regionunda ən çox diqqət ayırdığı məkan da Azərbaycan və Azərbaycan təmsilçiliyi olan QHT-ləridir.
Necə deyərlər, təsadüfün də bu qədəri…

Bəs əslində OCCRP kimindir və hansı mənsəbə qulluq edir?

Bütün izlər yenə də Xədicə İsmayılovanın üzərinə gedir və ya belə qənaətə gəlməyimin səbəbləri var. Əvvəla, qurumun ana şirkət kimi Merlienddəki “Jurnalizmin İnkişafı Şəbəkəsi”nin adının yalandan hallandırılması, internet axtarışlarının heç bir nəticə verməməsi birmənalı şəkildə iz azdırmaq, hədəfdən yayınmaq üçündür.

Praqada yerləşən və “Azadlıq” radiosunun bir addımlığında yerləşən bu qlobal şəbəkə növbəti addımlar üçün planlaşdırılıb.

Və çox güman ki, Azərbaycanda proseslərə nəzarət etməyi hədəfə alan Qərbin bölgə ilə bağlı yaradılan informasiya qərərgahı da bu qlobal şəbəkə ilə mütəmadi, intensiv iş birliyindədir.
Xədicə İsmayılova isə Qərbin bəzi dairə maraqlarının təminatında ən öncül ismlərdən biridir.

Fəaliyyət məxfiliyinin qorunması da bu səbəbdəndir. Ayrıca Silikon vadisindəki Gələcək İnstitutu və dünyanın ən güclü beyin mərkəzlərindən biri hesab olunan Stenford İnstitutunun xüsusi texnoloji proqram paketləri hazırlayan qurumları ilə işbirliyi, eyni zamanda Azərbaycanın rəhbər vəzifəli şəxsləri, iş adamları haqqında müəmmalı dosyelərin əldə olunması və onun təhrif olunmuş, planlı şəkildə ictimai rəyə sızdırılması da böyük planın tərkib hissələrindən biridir.

Digər bir nüans: OCCRP-in saytında ən çox material Azərbaycan və istisna olaraq dövlət başçısının ailəsi haqqındadır. Həm də açıq qisas və qərəz kontekstində! İftira formatında!. Bu da Xədicənin izinə gətirib çıxaran növbəti qənaətdir.

Digər bir məqam… təşkilatın bilgilərində Azərbaycandan olan bir nəfər də olsun təmsilçinin adı göstərilmir. Fəqət dövlət başçısı İlham Əliyevə, eyni zamanda paralel olaraq Prezident seçkilərindəki səsverməyə münasibətdə Xədicə İsmayılovanın fikriı ön plana çıxır, mötəbər mənbə kimi qiymətləndirilir. Bu da şübhələrimi əsaslandıra bilmək üçün istinad etdiyim növbəti mənbədir.

Eyni zamanda, araşdırma zamanı diqqətimi cəlb edən digər maraqlı nüansa diqqətinizi cəlb etmək istəyirəm: OCCRP-nin “araşdırma lövhəsi” adlanan xüsusi axtarış proqram – saytı Azərbaycan da daxil olmaqla bütün dünya üzrə şirkətlər barədə məlumat bazasını əks etdirir və daim yenilənir. “Araşdırma lövhəsi” layihəsinin rəhbəri isə Xədicənin dostu, haker-araşdırmaçı, biznes resurslarına girişi təmin edən Raul Radudur!

Ən nəhayət, OCCRP-nin saytında Xədicənin misirli araşdırmaçılara ipucu verməsi ilə bağlı – Hüsnü Mübarəkin pullarının Əli Evsen vasitəsilə Azərbaycana daşınması haqqında irəli sürdüyü iddialar da növbəti dünya çaplı siyasi skandala imza atmaq cəhdi olub…

***
Bax belə…

Bu məlumatları, bu araşdırma məhsulunu oxuyan insanlar gizlin mətləblərin əslində hansı məntiqə söykəndiyini indi özləri təxmin etsinlər…
Eyni zamanda Azərbaycan dövlət başçısı ilə bağlı ortaya atılan iftiraların, ona qarşı ünvanlanan davamlı, qisascıl, aqressiv kompaniyanın səbəblərinin hansı dalanlarda gizləndiyinin fərqinə varsınlar..

Elşən Musayev

Millət vəkili

COP29