Bütün məhdudiyyətlər qaldırıldı: Quru sərhədləri iyulun 1-də açılacaq?

Azərbaycanda COVİD-19-la bağlı məhdudiyyətlərin demək olar ki, hamısı aradan qaldırılıb. Ancaq quru sərhədləri gələ də bağlıdır. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü ilin iyul ayının 1-i saat 06:00-dək uzadılıb.

Hələlik hökumət quru sərhədləri ilə bağlı qərarını açıqlamayıb. Bir neçə deputat parlamentdə quru sərhədlərinin açılması ilə bağlı fikirlər səsləndirib.

Aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən forum zamanı Prezident İlham Əliyev quru sərhədləri barədə də danışıb. O, quru sərhədlərinin bağlı qalmasının səbəbindən bəhs edib. Dövlət başçısı bildirib ki, quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib.

“Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür”, – dövlət başçısı qeyd edib.

Dövlət başçısı bildirib ki, məsuliyyətli olmaq lazımdır: “Deməli, quru sərhədinin açılması ilə bağlı məqam hələ ki, yetişməyib”.

Bəs iyulun 1-dən quru sərhədləri açıla bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, quru sərhədlərinin açılması indiki məqamda məqbul hesab olunmur:

“Karantin rejiminin uzadılmasının müəyyən səbəbləri var. Bu səbəbləri çoxları yaxşı bilmirlər. Qonşu Rusiyada, Gürcüstan, Ermənistan, eləcə də Ukraynda müəyyən təlatümlər yaşanır. Müharibələr gedir. Müəyyən xəstəliklərin, miqrasiya axınının qarşısını almaq üçün sərhədlərin açılması hələ məqbul hesab olunmur. Bu, insanların narazılığına və narahatlığına səbəb olur. Lakin hər şeydən əvvəl ölkənin milli təhlükəsizliyi bizim üçün daha vacibdir. Bu məqsədlə hələ quru sərhədlərinin açılması məqsədəuyğun sayılmır”.

Tahir Rzayev vurğulayıb ki, dövlətin öz siyasəti və qarşıya qoyduğu məqsədlər var:

“Ölkəyə xeyli sayda qaçqın və köçkün daxil ola bilər. Müəyyən xəstəliklər tüğyan edə bilər. O cümlədən müəyyən qarşıdurmalar da yarana bilər. Müəyyən casus şəbəkələrinin nümayəndələri öz fəaliyyətlərinə rəvac verərlər. Ona görə də hesab edirəm ki, quru sərhədlərinin açılması məqsədəuyğun deyil.

Sözsüz ki, quru sərhədlərinin bağlı olması gediş-gəlişi də müəyyən formada çətinləşdirir. Mövcud situasiya iqtisadi inkişafa da təsirini göstərir. Aydın məsələdir ki, bu vəziyyət adamları narahat edir. Amma dövlətin öz siyasəti, qarşıya qoyulan məqsədləri var. Hər şey ölçülür-biçilir. Bütün məsələlər düşünülmüş formada həll olunur”.

 

COP29