“Bütün məmurların xərcləri araşdırılmalıdır” – Azər Verdiyev

1479446610_azerSon günlər Keçmiş rabitə naziri Əli Abbasovun və digər məmurların aylıq xərcləri ilə bağlı yayılan məlumatlar cəmiyyətdə birmənalı qarşılanmayıb.

Əli Abbasovun ayda 300 min manat xərcləməsi ilə bağlı iddialar isə bütövlükdə dövlət büdcəsinə xəyanət faktorunu ortaya qoymuş oldu.

Məsələ ilə bağlı saytımıza açıqlama verən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev məmurların qeyri-rəsmi xərclərinin müəyyən edilməsinin vacibliyini vurğuladı: “Prezident İlham Əliyev demək olar ki, bütün çıxışlarında məmurların öz vəzifə səlahiyyətlərini qanunamüvafiq icra etmələri ilə bağlı ciddi tapşırıqlar veribdir. Lakin son hadisələr onu göstərdi ki, bəzi məmurlar hələ də bu tapşırıqlardan düzgün nəticə çıxara bilməyiblər. Dünyada baş verən son iqtisadi və siyasi gərginliklər ölkəmizdən də yan keçmədi. Kifayət qədər ciddi maliyyə çətinlikləri hiss olunur. Etiraf etmək lazımdır ki, məhz Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində ölkəmiz bu proseslərdən minimum itki ilə çıxmaqdadır. Lakin ölkəmizdə elə məmurlar var ki, onların fəaliyyəti ciddi araşdırılmalıdır. Qeyri-qanuni məsrəflərin aşkarlanması, dərhal qarşısının alınması hər kəs üçün faydalı olar. Hesab edirəm əsas diqqət əhalinin sosial rifahının yaxşılaşmasına, sahibkarlığın inkişafına yönəlməlidir. Bəzi nazirlərin, icra başçılarının, deputatların aylıq xərcləri həddindən artıq çoxdur. Bu işdə cəmiyyət olaraq hər birimiz Prezidentə dəstək olmağı bacarmalıyıq. Elə bilirəm media və QHT-lər daha diqqətli olmalıdırlar”