!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kasıbların alın yazısı: Şəhidlik

!Reklam – Yazi

Bütün şəhid atalarını tanıyıram. Üzündəki cizgidən, köhnə pencəyindən, bozarmış şalvarından, sökük ayaqqabısından, ağrıyan ürəyindən, əsən əllərindən, titrəyən dodaqlarından, ağlayan gözlərindən, baxımsız saçlarından…

Bütün şəhid ataları bir-birinə bənzəyir, bütün şəhid atalarının taleləri əkizdir. Bütün şəhid atalarının imici kasıblıqdır…

Bütün şəhidlərin hərbi xidmətə yollandığı ünvan kasıb bir daxma, qapısından tabut keçməyən evdir. Möcüzədir, doqquz iqlim qurşağının olduğu Azərbaycanda villalara günəş düşmür, bütün şəhidlər kasıb daxmalarda yetişir.

Bütün şəhid analarını tanıyıram… Gözünün ağı-qarası olan oğluna edəcəyi toy arzusundan, yolduğu saçından, cırdığı üzündən, çökən gözlərindən, qara paltarından… Bütün şəhid anaları bir-birinə bənzəyir, bütün şəhid analarının taleləri əkizdir. Bütün şəhid analarının kasıblığı oğul yoxsulluğudur…

Əksər məmurları tanıyıram. Dəbdəbəli villalarından, övladlarının hoqqabazlığından, lüks avtomobillərindən, saxladığı müğənnilərdən, günü-gündən yekəltdiyi qarnından… Əksər məmurlar bir-birinə bənzəyir, əksər məmurların taleləri əkizdir. Əsgərlikdə “olan” bütün məmurların oğlu salamatdır…

Bütün bunlar sabah unudulacaq. Oğlu sırf şəhid olmaması üçün rüşvət verib övladını əsgərlikdən saxlatdıran məmur tədbirlərin birində “Uğrunda ölən varsa, vətəndir” deyəcək. Və bir gün yenə acı xəbər gələcək. Varlıların pulla ala bilməyəcəyi şəhidlik zirvəsi hansısa daxmada böyüyən gəncimizə qismət olacaq. Yenə digər şəhid atalarının əkizi olan birinin boynubükük şəklinə baxacağıq. Çünki şəhidlik kasıbların alın yazısıdır.

Emin Səfərov

www.yenicag.az

3956
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv