“İnsan yaşa dolduqca içindəki uşaqlığı ilə daha çox söhbətləşir, keçmiş günləri daha çox yada salır. Xoşbəxtəm ki, uşaqlığımı, gəncliyimi keçirdiyim doğma Qrabağımız özümüzə qayıdıb”.
Bu sözləri doğum günündə tanınmış xanəndə Əməkdar artist Cabir Abdullayev təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.
O, keçmiş xatirələrini yada salıb, zəfər çalmış bir ölkənin sənət adamı olmasından qürur hissi keçirdiyini bildirib:
“Hər dəfə doğum günlərimdə özüm-özümə hesabat verirəm. Yaş üstə yaş gəldikcə insan daha da kamilləşir, həyatı dərk edir, bərkə-boşa düşür. 57 yaşım tamam olur, amma bu yaşa necə gəlib çatdığıma inana bilmirəm. Bu illər ərzində itirdiklərimiz də olub. İçimdə “kaşkilər” var ki, kaş onlar da yanımda olaydılar. Həyatdan köçən valideynlərim, qardaşım, dostlarımın itkisi dərin yara kimi içimdə iz buraxıb. Amma həyatın qanunu belədir ki, yaşam davam edir. Torpaq uğrunda canını qurban verən hər bir şəhidin qarşısında baş əyirəm. Nə yaxşı ki, qüdrətli ordumuz və Ali Baş Komandanımız var. Bu zəfər sevincini bizə yaşatdılar. Doğum günümdə xoşbəxtəm ki, zəfər çalmış qalib bir ölkənin sənət adamıyam”.
Xanəndə ən böyük arzusunu da dilə gətirib:
“Allahdan özümə və doğmalarıma can sağlığı arzulayıram. Uşaqlığımdan bu sənət aləmindəyəm. Sənətə 45 il öncə “Qarabağ bülbülləri”ində başlamışam. Hər bir sənət adamının zəhmətinin bəhrəsini görməsini arzulayıram. Eləcə də özümün. Çünki insan illərdir çəkdiyi zəhmətin bəhrəsini dadanda xoşbəxt olur. Yəqin ki, bizə də qismət olar”.
Cəvahir