Cahangir Hacıyevin klubları dağılır

1CA3Beynəlxalq Bankın sabiq rəhbəri «Simurq»u və «Inter»i maliyyələşdirə bilmir

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin prezidenti olduğu “Simurq” futbolu növbəti mövsümdən fəaliyyətini dayandıracaq. Bu barədə məlumatı komanda.az saytı AFFA-dakı mənbəyə istinadən yayıb. Məlumatda deyilir ki, artıq bununla bağlı futbolçulara xəbərdarlıq edilib. Onlara bildirilib ki, növbəti mövsüm üçün özlərinə yeni klub axtarsınlar.
Məlumatda qeyd edilir ki, AFFA prezidenti Rövnəq Abdullayev də Cahangir Hacıyevlə bu barədə söhbət edib. Abdullayev Hacıyevdən komandanı buraxmamağı xahiş edib. O, AFFA-nın “Simurq”a maliyyə dəstəyi verəcəyini də vəd edib. Rövnəq Abdullayev iddiasız durumda olsa belə, “Simurq”un fəaliyyətini davam etdirməsinə cəhd edir. Çünki Zaqatala təmsilçisi dağılacağı təqdirdə, növbəti mövsümdə Azərbaycan Premyer Liqasının təşkilində də problemlər yaranacaq. Mənbə bildirir ki, Hacıyev Abdullayevin xahişini nəzərə almayıb. O, Premyer Liqada klub saxlamağa maddi imkanlarının yetərli olmadığını bildirib.
Mənbə onu da qeyd edib ki, “Inter”in taleyi isə Avroliqa oyunlarından sonra məlum olacaq. Komanda Avroliqanın qrupuna düşə bilsə, Beynəlxalq Bankın yeni rəhbərliyinin klubu himayəyə götürəcəyi gözlənilir. Əks təqdirdə, “İnter” də dağılmaq təhlükəsilə üz-üzə qalacaq.