Canəli Əkbərov Arif Babayevi HƏDƏLƏDİ: “Açaram sandığı, tökərəm pambığı…” – QARŞIDURMA – Özəl

Xalq artisti Canəli Əkbərovun Muğam müsabiqəsinin münsiflər heyətinə buraxılmaması tərəfləri bir-birinə əməlli-başlı düşmən edib.

Arif Babayev axır ki, sükutu pozdu və Yeniçag.az-a açıqlama verərək, həmkarını qınadı:

“Biz ona yaxşılıq etdik, dedim ki, yaşlı-başlı adamdır, dağa-daşa düşüncə otursun evində, istirahət eləsin. O da açdı ağzını, nə açdı… Qoy, nə bilir danışsın. Amma mən ona heç bir cavab verməyəcəm, hamı onu da yaxşı tanıyır, məni də. Gecə-gündüz söy məni Canəli, sənə heç bir sözüm yoxdur”.
Canəli Əkbərov isə həmkarının sözlərinə qəhqəhə ilə cavab verib:

“Mən qocayam, yoxsa sən Arif? Məndən iki yaş böyüksən, çemodanı götürməyə gücün çatmır, sürüyürsən, amma mən Bakıdan Lənkərana piyada qaçaram. Bilirəm sənin dərdin nədir, köhnə palan içi tökmək. Əvvəldən mənimlə düz gəlməmisən. O qədər pəlimi vurub, əvəzimə xarici ölkələrə qastrola getmisən ki… Elə eləmə gəlib, hamının yanında açım sandığı, töküm pambığı. Məndə olan potensial səndə yoxdur axı, ona görə də səni yandırır”.

Xatırladaq ki, xalq artisti Canəli Əkbərov müsabiqənin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər – xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov buna etiraz ediblər. Bildiriblər ki, Canəli Əkbərova münsiflər heyətində yer verilsə, aləm qarışacaq, ifaçılara qarşı qərəzli mövqe tutacaq, tez-tez dava düşəcək.

Cəvahir Səlimqızı