“Əgər kimsə efirdə xoşagəlməz hərəkətlərə yol verirsə, məsuliyyət onun öz üzərində qalır”.
Xalq artisti Flora Kərimova ilə efirdə qarşıdurma yaşayan Əməkdar artist Elza Seyidcahanın etiraz əlaməti olaraq əlindəki mikrofonu yerə çırpıb studiyanı tərk etməsi ictimai davranış planında geniş müzakirələrə səbəb olub. Haqqında danışılan bu xoşagəlməz olay aparıcı və qonaqların canlı efirdə davranış formalarını yenidən aktuallaşdırıb.
Bu barədə Yenicag.az-a danışan media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, dünya praktikasında da müəyyən tezliklə rast gəlinən analoji situasiyaları idarə etmək texniki baxımdan mümkündür:
“Yalnız Azərbaycanda deyil, dünyanın bir çox inkişaf etmiş ölkələrinin telekanallarında da canlı yayım zamanı belə situasiyalar baş verir. Hətta verilişə dəvət olunan qonaqların bir-birinə hücum etməsinə də rast gəlinir. Bizim efirlərdə də vaxtilə belə situasiyalar yaşanıb, qarşı tərəfə stəkan atılıb və sair. Bundan heç kim sığortalanmayıb.
Ancaq burada medianın heç bir rolu yoxdur. Nə jurnalist, nə də media orqanı bu situasiyanı hər hansı formada önləyə bilməz. Sadəcə olaraq, canlı veriliş 5-10 saniyə gecikdirilmiş formada gedirsə, o hissəni kəsmək olar. Azərbaycanda saniyə-saniyəsinə canlı efir olmadığı üçün, verilişin qalmaqallı hissəsini kəsmək istəsələr, kəsə bilərlər. Lakin praktikada görünür ki, həmin hədəfə marağı artırmaq üçün bunu etmirlər”.
Müsahibimiz “belə situasiyalarda məsuliyyət aparıcının üzərindədir, yoxsa emosional davranan qonağın?” sualını da cavablandırıb:
“Şəxs canlı yayımda təhqir olunursa, həmin an emosional reaksiya göstərə bilər. Arzuolunan hal isə cəmiyyət qarşısında belə emosional davranışlara yol verməməkdir. Bu vəziyyəti doğru idarə etmək üçün jurnalist, aparıcı dəvət etdiyi qonağı düzgün seçməli, həmin şəxslərin məsuliyyət məsələsini açıq təxmin etməlidir.
Bu baxımdan, əgər kimsə efirdə xoşagəlməz hərəkətlərə yol verirsə, məsuliyyət onun öz üzərində qalır. Obyektiv situasiyadan asılı olaraq, bu dəyişə də bilər. Çünki bəzən aparıcı bilərəkdən qonağı verilişə dəvət edir və başlayır onun şəxsi həyatını qurdalamağa. Dəfələrlə bu kimi təhrikçi davranışların da şahidi olmuşuq”.
Cəvahir