“Canlı yayımlarda hələ belə şəffaflıq olmamışdı” – Partiya sədri

“Hərəkatın toplantılarının canlı yayımlanması bəzi neqativ nüansların qabarmasına səbəb oldu”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Xalq Hərəkatında (AXH) parçalanma təhlükəsinin son anda aradan qaldırılmasına münasibət bildirən qurumun İdarə Heyətinin üzvü, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Elşad Musayevin sözlərinə görə, Hərəkatın daxilində yaranan müəyyən ziddiyyətlər artıq aradan qaldırılıb:
“Narazılığa səbəb olan anlaşılmazlıqlar artıq öz həllini tapıb və Hərəkat normal fəaliyyətini davam etdirir. Anlaşılmazlıqların səbəbləri üzərində çox dayanmaq istəmirəm.

Hərəkat ölkədə dəyişikliklərə nail olmaq məqsədi ilə yaradılıb və orada bir araya gələn siyasi təşkilatların da məqsədi eynidir. Geniştərkibli Hərəkatda bəzi kiçik nüansların qabarması, narazılıqların baş verməsi təbiidir və onlar da aradan qaldırılıb.

İrəli baxmaq və fəaliyyətimizin daha effektli olmasına çalışmaq lazımdır. Bizim üçün əlamətdar haldır ki, cəmiyyətdə Hərəkatın fəaliyyətinə ciddi maraq var.

İclaslarımızın canlı yayınlanması isə fəaliyyətimizi tam açıqlığı ilə ortaya qoyur. Əslində, canlı yayımlarda hələ belə nümayiş olmamışdı. Hərəkatın toplantılarının canlı yayımlanması bəzi neqativ nüansların qabarmasına səbəb olsa da, buna normal baxmalıyıq”.

A.Zeynalov

COP29