Cansız Minsk qrupunun Qarabağın gələcəyində olmayan YERİ: “Moskva da bu mövqedən çıxış edirsə…” – ŞƏRH

“Elə bir vəziyyət yaranıb ki, ABŞ və Rusiya diplomatiyasının hər hansı platformada əməkdaşlığı artıq mümkün görünmür”.

Bu fikirləri artıq Rusiyanın da həmsədri olduğu Minsk qrupunun öz fəaliyyətini dayandırdığını etiraf etməsini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən ölkənin xarici işlər naziri Sergey Lavrov səviyyəsində etiraf olunan bu fakt həm də Rusiya-Qərb qarşıdurmasının məntiqi nəticəsidir:

“Əslində, hər kəsə aydındır ki, 44 günlük Vətən müharibəsinin yaratdığı yeni və mühüm reallıqlardan biri də mövcud olduğu iyirmi səkkiz il ərzində heç nəyə yaramayan, bir çox hallarda isə Azərbaycanı işğalla barışmağa sövq edən Minsk qrupunun faktik sonunun gətirilməsi oldu.

Doğrudur, müharibədən sonra Minsk qrupunun həmsədrləri Azərbaycana səfər etdilər. Amma bu səfər zamanı onlar da gördülər ki, artıq həmin qurumun fəaliyyətini davam etdirməsinə hətta formal qaydada da ehtiyac qalmayıb. Onlar bu gerçəkliklə, nəhayət, barışmalıdırlar.

O baxımdan, Sergey Lavrovun Minsk qrupunun öz fəaliyyətini dayandırmasına dair fikirləri reallığı əks etdirir. Amma burada onun məhz Azərbaycanın mövqeyindən çıxış edərək belə danışdığını düşünmək doğru olmazdı. Çünki Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayana qədər onlar Minsk qrupu formatında əməkdaşlığın vacibliyini deyirdilər.

Ancaq Ukrayna müharibəsinin başlaması ilə Qərb və Rusiya arasında uçurumun dərinləşməsi özünü Minsk qrupunun mövcudluğunda da göstərdi. Yəni elə bir vəziyyət yaranıb ki, ABŞ və Rusiya diplomatiyasının hər hansı platformada əməkdaşlığı artıq mümkün görünmür. Bununla belə, Moskva belə bir mövqedən çıxış edirsə, Minsk qrupunun artıq sıradan çıxması faktı ilə razılaşırsa, bu yaxşı haldır”.

A.Zeynalov

COP29