CASCFEN ifadə azadlığı mədəniyyəti layihəsini bitirdi – Video

cascfen-129.08.2016 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müxtəlif kateqoriyalardan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində sonuncu seminarını keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla baş tutan bu seminar da Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) gerçəkləşdirilib.

Tədbirin açılışında çıxış edən CASCFEN sədri Azər Həsrət dəstəyə görə Azərbaycan dövlətinə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və BAMF-a, onun rəhbəri Umud Rəhimoğluna təşəkkür edib. “Azərbaycan dövlətinin dəstəyi ilə” şüarı altında keçirilən bu dəfəki seminar maraqlı və dinamik olmasıyla seçilib.

İştirakçılar ilk olaraq layihənin eksperti, Space TV-nin redaktoru, Dr. Nüşabə Hüseynlinin onlayn müstəvidə davranış qaydaları haqqında çıxışını dinləyib. Çıxışçı ayrı-ayrı örnəklərlə bu mühitdə olarkən nələrə üstünlük verilməsinə diqqət çəkib. İştirakçıların sual və müdaxilələrilə zəngin olan sessiyada maraqlı və faydalı diskussiya mühiti müşahidə edilib. Müəllim, tələbə, jurnalist və QHT fəalları həm öz təcrübələrindən danışıb, həm də bir sıra məsələlərə aydınlıq gətirilməsinə çalışıblar.

Digər ekspert, CASCFEN İdarə Heyətinin üzvü və “Kaspi” qəzetinin müxbiri Lalə Musaqızı da mövzunu davam etdirərək konkret örnəklərə diqqət çəkib. O, təcrübədə rast gəlinən halları örnək göstərərək iştirakçıların onlayn müstəvidə diqqətli və təmkinli olmasının vacibliyini vurğulayıb. Çıxışçı deyib ki, əsəblərini nəzarətdə saxlaya bilməyən onlayn istifadəçilər – netizenlər hər zaman problemlərlə üzləşirlər.

Daha sonra çıxış edən CASCFEN sədri Azər Həsrət netiketin 10 qızıl qaydasını tək-tək izah edib, iştirakçılara onlayn davranış qaydalarının pozulması zamanı yarana biləcək məsuliyyət haqqında danışıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.