“Caspian İnternational Hospital”a QARŞI “artıq məbləğ” İTTİHAMI: “Özlərindən əlavə pul yazırlar” – ŞİKAYƏT

“Hələ o 207 manatın içindəkilər də artıq idi, sadəcə, körpəyə görə dərinə getmədim”.

Yenicag.az xəbər verir ki, Cavid Mikayılov adlı vətəndaş sosial şəbəkə hesabından paylaşdığı materialda Badamdar qəsəbəsində yerləşən “Caspian İnternational Hospital”ı pasiyentlərin “cibinə girmək”də suçlayıb.

Şikayətçinin sözlərinə görə, “Caspian İnternational Hospital”da xəstələrdən müqavilədə göstərilən məbləğdən əlavə pul tələb olunur:

“İki gün əvvəl övladım dünyaya gəldi. 1 gün sonra dedilər ki, uşaqda sarılıq var. Hansı ki əksər yeni doğulan uşaqlarda olur. Nə isə küvəzə qoymağı məsləhət gördülər. Küvəz tənəffüs və ya digər problemlə doğulan uşaqların qoyulduğu xüsusi aparatlardır. Uşaqlar onun vasitəsilə müalicə alır, qidalanır və bu aparatlardakı xüsusi havalandırma-tənəffüs sistemi vasitəsi ilə normal inkişafa qaytarılır.

Uşağın küvəzə qoyulması ilə razılaşdıq. Bir günü 120 manat… Səhər zəng vurdum ümumi şöbəyə ki, bəs nə qədər xərcimiz olacaq, indidən işimi bilim, ona uyğun gəlim. Oradakı xanım dedi ki, 200-250 götürün də üstünüzdə.

Bu gün getmişik övladımı oradan götürməyə, xəzinəyə yaxınlaşdım ki, bəs nə qədər edir ödənilməli məbləğ? Öncə qayıtdı ki, körpənin anasının da borcu qalıb 1000 manat… Başımdan tüstü çıxdı. Dedim axı hələ doğuşa girməmişdən ödənişi etmişik. Dedi, bağışlayın, sistemə indi düşdü. Lənət şeytana, dedim.

Sonra xanım qayıtdı ki, bəs körpəyə görə əlavə 287 manat ödəməlisiniz. İkinci dəfə beynim “error” verdi. Dedim açıqlamasını verin baxım, yalandan özlərindən əlavə 80 manat artıq yazıblar (Neontaloji şöbədə 1 çarpayı günü). Səsimi atdım başıma, dedim, çağır buraya onu yazanı. Dedi, indi danışıram, məbləği dəyişəcəklər. Dedi ki, bəs səhv olub artıq yazılıb. Dedim, səhv olurdusa, 287 yox, 187 manat yazardı… Bilmədi nə desin. Dəyişdilər, 207 manat elədilər. Hələ o 207 manatın içindəkilər də artıq idi. Sadəcə, körpəyə görə dərinə getmədim.

Doğumla bağlı həmin klinikaya gedəcək olan ailələrə məsləhətim: İlk növbədə körpədə sarılıqla bağlı sizi qorxutsalar da, o qədər ciddi səbəb deyil. Çünki bütün körpələrdə olur. İkincisi isə çıxışda məbləğə ciddi fikir verin. Səhiyyə Nazirliyi ölçü götürün, bir zəhmət. Amma çətin… Çünki elə problemlər ən birinci sizin qurumdan başlayır”.

Gülşən Şərif

COP29