“Cavabdehlər işdən çıxarılmalı, cinayət işi açılmalıdır” – Prezidentin keçmiş köməkçisi

“Onların buraxdıqları səhvlərin ölkənin milli təhlükəsizliyinə birbaşa dəxli var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlərdə ölkənin üzləşdiyi enerji böhranına münasibət bildirərkən 1993-99-cu illərdə Azərbaycan prezidentinin köməkçisi postunu tutan, 1999-cu ildə vəzifəsindən istefa verən Eldar Namazov deyib.

Prezidentin keçmiş köməkçisi fəaliyyətləri ilə ölkədə həyatın iflic olmasına məsuliyyət daşıyan “Azərenerji” və digər qurumların rəhbərlərinin könüllü istefa vermək ehtimalını dəyərləndirib:

“Əslində, bu, olduqca ciddi bir məsələdir. Çünki istefa mədəniyyəti siyasi mədəniyyətin tərkib hissəsidir. Burada hər şey insanın özündən asılıdır, bir şəxsin, yaxud da şəxslərin fərdi qaydada verəcəyi qərardır.

Həmin məsələnin kökündə çox vacib bir amil dayanır: sən bu dövlət vəzifəsini hansı səbəbdən daşıyırsan? Yəni səni yalnız vəzifə maraqlandırır, yoxsa bu postu tutaraq, dövlətə, xalqa fayda verməyə çalışırsan?

Əgər kimlər üçünsə əsas olan vəzifədirsə, dövlətə və millətə nə qədər ziyan vursalar da, onların könüllü şəkildə istefa verəcəklərini gözləməyə dəyməz. Hansısa vəzifəni tutan, ancaq faydalı olmağa çalışsa da, işinin öhdəsindən gələ bilməyən məmur isə vəzifədə qalıb-qalmaması haqqında düşünməyə başlayır.

Konkret desək, bu məsələ həmin məmurların daşıdıqları vəzifəyə münasibətindən və insani keyfiyyətlərindən asılıdır”.

Namazov bir haşiyə çıxaraq, vaxtilə özünün yüksək vəzifəyə təyin olunması zamanı düşdüyü vəziyyəti də xatırladıb:

“O zaman məni Prezident Aparatına dəvət edərək, keçmiş dövlət katibi Lalə Şövkətin mənimlə görüşmək istədiyini dedilər. Lalə xanım mərhum Heydər Əliyevin məni öz komandasında görmək istədiyini bildirdi. Dedi ki, Heydər Əliyev səni özünün köməkçisi, mən isə dövlət müşaviri postunda görmək istəyirik. Dövlət müşaviri olaraq, bir neçə nazirliyin fəaliyyətini kurasiya edəcəkdim.

Mən Lalə xanıma səmimi şəkildə söylədim ki, nə birinci, nə də ikinci vəzifəni qəbul edə bilmərəm. Çünki mən elmlə məşğulam, ekspertəm və dövlət idarəçiliyində heç bir təcrübəm yoxdur, belə bir məsuliyyəti üzərimə götürə bilmirəm.

Belə olduqda Lalə xanım zəng vurdu və mənim cavabımı Heydər Əliyevə çatdırdı və o da məni yanına çağırdı. Qeyd edim ki, o, peşəkar psixoloq kimi məni gülümsəyərək qarşıladı və dedi ki, niyə bu çətin dönəmdə bizə kömək etmək istəmirsən. Cavab verdim ki, əstəğfürullah, mən kömək eləmək istəyirəm, ancaq təcrübəmin azlığı məni çəkindirir.
O zaman Heydər Əliyev Lalə xanıma zəng vurdu, Prezident Aparatındakı vakansiyaları öyrəndi və bir az müzakirə etdikdən sonra Ekspert-Analitik Xidmətinin rəhbəri vəzifəsini qəbul edərək, işə başladım.
Təqribən iki aydan sonra Heydər Əliyev məni çağıraraq, soruşdu ki, təcrübə yığdınmı? Dedim, cənab prezident, axı iki aya nə təcrübə yığmaq olar? Bir aydan sonra məni yenidən çağırdı və dedi ki, sənin illərlə təcrübə qazanacağını gözləyə bilmərik və səni artıq prezidentin köməkçisi vəzifəsinə təyin edirəm. Mənim o posta gəlişim belə oldu.
Bütün bunları ona görə deyirəm ki, insanlar hansısa vəzifəyə təyin edildikdə, onlar buna nə dərəcədə hazır olduqlarını özləri üçün müəyyənləşdirməlidirlər. Əgər görürsənsə ki, işinin öhdəsindən gələ bilmirsən, hamı sənin fəaliyyətindən narazıdır, istefa ver, get də”.

Prezidentin sabiq köməkçisinin fikrincə, indiki halda yaranmış enerji böhranına görə məsuliyyət daşıyan məmurlar barəsində ölçü götürülməlidir:

“Sözsüz ki, mövcud durum bu sahəyə cavabdeh olan məmurların istefa vermələri üçün ciddi əsasdır. Buna sadəcə, enerji böhranı kimi baxmamalıyıq. Gördünüz ki, Mingəçevir İES-in bir blokunun partlaması ilə ölkə iflic oldu.
Söhbət müharibə vəziyyətində olan ölkədən gedirsə, bunun nə demək olduğunu izah etmək artıqdır. Təsəvvür edin ki, Azərbaycan ordusu əməliyyat apardığı bir vəziyyətdə arxa cəbhədə həyat dayanır. Bunun nəyə gətirib çıxaracağı aydındır.

Yaxşı, qəza olubsa, qoy ölkənin enerji potensialının 10, lap 20 faizi sıradan çıxsın. Daha 100 faizi yox ki…
Ona görə də hesab edirəm ki, bu sahəyə cavabdeh olan insanların öz vəzifələrində qalıb-qalmamaları məsələsinə baxılmalı və onların barəsində cinayət işi açılmalıdır. Çünki onların buraxdıqları səhvlərin ölkənin milli təhlükəsizliyinə birbaşa dəxli var”.

A.Zeynalov