Cavan oğlanlara aşiq olan “day-day”lar…

Cəmiyyət və fərdlərin bir-birini müəyyənləşdirib inkişaf etdirməsi lazım ikən hər bir məsələyə laqeyd yanaşan bizlər bu inkişafdan məhrum olmuş və eyibdən utanmaz bir hala gəlmişik. Hələ iki il bundan əvvəl demişdim ki, milli mənəvi dəyərlərimizə mentalitet adı geyindirib, sözün əsl mənasında, bizə sırımaq istədikləri mövhumatın bizi aparacağı yer heç də güllük-gülüstanlıq, süd bağçaları olmayacaq. Bu günlərdə bunu artıqlaması ilə görürük.

Sizlərə genderdə “orta cins” adlandırılan və hər gün cəmiyyətimizə daha da nüfuz edən “xəstəlik”dən söhbət açmaq istəyirəm.

Azad cəmiyyətdə yaşayırıq və hər kəsin seçiminə hörmətlə yanaşmalıyıq. Ancaq bu seçimlər bizi cəmiyyət olaraq bilinməzliyə aparacaqsa, onda bu azadlığı qısıtlamağı da özümüzə borc bilməliyik. Hər halda, azadlıq “hər şeyi edə bilərik” kimi dəyərləndirilməməlidir.

Artıq aylardır ki, ölkədə cinsi azlıqların fəaliyyəti genişlənib və bu genişlənmə o həddə çatıb ki, cinsi azlıq olan “oğlan” və ya yaşını-başını almış “kişi”lər gənc oğlanlara müəyyən şeyləri təklif belə etməkdən çəkinmir, onları öz torlarına salmaq istəyirlər. Bu yazını da yazmağıma səbəb son bir ay ərzində tanıdığım 3 nəfərin başına eyni ssenarili hadisənin gəlməsidir. Bundan əlavə, azdan-çoxdan araşdırma da apardım və nəticədə vəziyyətin heç də ürəkaçan olmadığını anladım.

Deməli, ssenari nədən ibarətdir. Gözlərinə ilişdirdikləri oğlanları “day-day”lar (şərti) maşına çağırır, nə isə kömək lazım olduğunu düşünən oğlanlar maşına tərəf gedir və həmin şəxs(lər) ona (-lara) maşına oturmağı təklif edir, onun yardımına ehtiyacı olduğunu bildirir. Maşına əyləşdikdən sonra isə özünün reklam agentliyinin olduğunu və modellik edib-edə bilməyəcəyini soruşur. Maaşdan söhbət açır, işinin nədən ibarət olacağını başa salır… və birdən keçir həmin oğlanın necə yaraşıqlı və cazibədar olduğundan danışmağa, modellik üçün yaradıldığını deməyə… Sonra da seksual davranışlar sərgiləməyə…

Necə də iyrəncdir, deyilmi? Bunu pozğunluğun ən yuxarı mərtəbəsi, cəmiyyətin gəlib gələ biləcəyi ən son nöqtə kimi dəyərləndirsək, yanılmış olmarıq. Bəlkə də bütün bunların arxasında bilmədiyimiz və təsəvvürümüzə belə gətirmədiyimiz başqa şeylər dayanır, ancaq bildiyimiz tək şey var, o da bütün bunların haradan qaynaqlandığıdır.

Mirzə Cəlilin sözü olmasın, indi oturun və papağınızı qoyun üzü televizora baxan istiqamətdə stolun üstünə və düşünün. Düşünün…

Düşünməkdən başqa da edə biləcəyimiz tək şey ehtiyatlı olmaqdır. Ona görə də: Amanın günüdü, oğlanlar, ehtiyatlı olun!

Aqil Bəkir

COP29