“Salyandan Aşıq Pənahın övladıları zəng edib ki, niyə atamın mahnısını o günə qoyublar, əlimiz heç yerə çatmır, biz kimə deyək dərdimizi?Olmaz axı belə , “Ana kür” kimi məşhur mahnını o günə qoyublar ki, dinləyəndə bilmirsən, aşıq havasıdır. Elə bilirsən, ingilis mahnısıdır”.
Bunu Yenicag.az-a açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov aranjemanla pis günə qoyulan aşıq mahnıları ilə bağlı fikirlərini bölüşərkən deyib.
O, möhürü vurulmuş məşhur musiqilərin, o cümlədən aşıq havalarının aranjemana ehtiyacı olmadığını bildirib:
“Baxırsan, aşıq havasıdır, amma nə saz var, nə saz səsi. Əvvəl oxunan lent yazıları ilə indi oxunan musiqini tutuşdurun, mahnını tanımayacaqsan. Pula görə aranjemançı həmin havanı o günə qoyur ki, dinləyəndə bilmirsən, hansı musiqidir. Aşıq havasını xarici musiqiyə döndərirlər. İngilis heç öz mahnısını aranjeman edib elə dəyişdirmir. Musiqilərimizə belə yanaşmaq olmaz, bunun qarşısı alınmalıdır. Müğənnilər bilir, Salyanda toyda “Ana kür” mahnısını, azı, on dəfə oxutdururlar. O müğənni gedib Salyanda toyda “Ana kür”ü o cür oxuya bilər? Toyda mikrofonu əlindən alıb, “Xoş gəldin”, – deyib yola salarlar. Ümumiyyətlə, bizim möhürünü vurmuş musiqilərimizə toxunmaq olmaz, bunu hər kəs bilməlidir. Bu musiqilər bizim sərvətimizdir, mədəniyyətimizdir. O sərvətə toxunmağa heç kimin ixtiyarı yoxdur. Mən müğənnidən də çox günahı aranjemançılarda görürəm. Pulunu alır, mahnıları o vəziyyətə salır. Bu, ən azı, o sənətkarların ruhlarına hörmətsizlikdir. Bunun qarşısı alınmalıdır”.
Cəvahir